İsmayıllıda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib. FOTO

16-06-2017, 22:59           

teref.az - Düşmənlə üz-üzə olduğumuz bir vaxtda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə böyük ehtiyac duyulur. Bu mənada Respublikada Xaçmaz rayonundan başlanğıcını götürən “Vətənin müdafiəsinə hazıram” silsilə tədbirlər 16 iyun 2017-ci il tarixdə İsmayıllıda ünvan tapıb.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir Azərbaycan Respublikası SHXÇDX-nin, İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyinin, hüquq-mühafizə orqan işçilərinin, Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi əməkdaşlarının, rayon gənclərinin, ziyalı və ağsaqqalların, ictimaiyyət nümayəndələrinin, məktəb şagirdlərinin iştirakı ilə Rayon Mədəniyyət Mərkəzində keçirilib.
İlk öncə zalda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov qonaqları və tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin böyük əhəmiyyət daşıdığını, hərbi vətənpərvərlik tərbiyəsinin günün aktual mövzusu olduğunu diqqətə çatdırıb.Ulu öndər Heydər Əliyevin və Respublika Prezidenti cənab İlham Əliyevin vətənimizin müdafiəsi və ordu quruculuğu sahəsindəki böyük xidmətləri barədə ətraflı məlumat verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında yer tutduğunu, hər an torpaqlarımızı xilas etmək qüdrəti və əzmində olduğunu bildirib, keçirilən tədbirə yüksək təşkilatçılıq və dəstək göstərdiyinə görə RİH-nin başçısı cənab Mirdaməd Sadıqova “Təşəkkür paketi” təqdim edib.
Sonra isə şəhid Qurban Mürsəlovun həyat yoldaşı Aybəniz Mürsəlovaya və şəhid Vaqif Əliyarovun həyat yoldaşı Ədibə Əliyarovaya Azərbaycan Respublikası SHXÇDX-nin təsis etdiyi “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatı təqdim olunub.
Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevin və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənlinin çıxışları maraqla qarşılanıb.
Azərbaycan Respublikasının Ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşmüş Qarabağ müharibəsi veteranlarının nümayəndəsi Əlisahab Əzizova Azərbaycan Respublikası SHXÇDX-nin şöbə rəisi polkovnik Rasim Şirinov tərəfindən “Vətən uğrunda xidmətlərinə görə” mükafatı təqdim olunub.
Bədii hissə tədbirə xoş bir ovqat, yüksək vətənpərvərlik ruhu qatıb. Hərbi mahnıların müəllifi və ifaçısı kimi tanınan Şəmistan Əlizamanlının ifa etdiyi mahnılar, rayon məktəblilərinin və bağça uşaqlarının hazırladıqları hərbi məzmunlu kompozisiya və çıxışlar alqışlarla qarşılanıb. Salona şagirdlər tərəfindən üçrəngli bayrağımız gətirilib. Üçrəngli bayrağımızın tezliklə Qarabağ torpağında, işğal olunmuş rayonlarımızda dalğalanacağı təəssüratı ilə tədbir yekunlaşıb.






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.