Prezident daha 3 sərəncam, 2 fərman imzaladı

19-07-2017, 19:26           
Prezident daha 3 sərəncam, 2 fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.66-cı yarımbəndinə “şəxsləri” sözündən sonra “və publik hüquqi şəxsləri” sözləri əlavə edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125; 2017, № 2, maddə 175) aşağıdakı dəyişikliklər edilib:

5.2-ci bəndə “xəta” sözündən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilib.

Həmin Fərmanla təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” üzrə:

2.1. 1.2.1-ci, 1.2.2-ci, 4.0.10-cu, 4.0.11-ci, 7.1.1-ci yarımbəndlərə, 7.9-cu və 7.15-ci bəndlərə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin;

2.2. 7.10-cu, 7.11-ci və 7.18-ci bəndlərə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.