Göyçayın Ləkçıplaq kəndində bələdiyyə özbaşınalığı - Vətəndaşın qanuni torpağını mənimsəmək istəyirlər? İDDİA/FOTO/VİDEO
Bu gün, 07:33

Göyçay rayonu, Ləkçıplaq kənd sakini
Rüstəmova Günel Qubad qızı tərəfindən
ŞİKAYƏT
Mən, Rüstəmova Günel Qubad qızı, Göyçay rayonu, Ləkçıplaq kəndində tənha yaşayıram. Aqrar İslahat Komissiyası tərəfindən 1998-ci ildə bizim ailəyə verilmiş 1,4508 ha torpaq sahəsini üzərində meyvə ağacları əkib-becərmişəm. Həmin bağ hər il məhsul verir.Ləkçıplaq bələdiyyəsinin sədri Gülnar Mirzəliyeva mənim uzun illərdir əkib-becərdiyim bağın 0,20 ha hissəsinin guya bələdiyyəyə məxsus olduğunu bildirərək başqa şəxsə satmaq niyyətindədir. Hətta heç bir qanuni əsas və məhkəmə qətnaməsi olmadan özbaşına gəlib həmin hissəni əhatəyə alaraq bağlayıb.
Mən isə bu barədə müvafiq orqanlara şikayətlər edib obyektiv araşdırılmasını xahiş etmişəm.
Qeyd etmək istəyirəm ki, bələdiyyə sədri Gülnar Mirzəliyeva dəfələrlə barəmdə polis şöbəsinə şikayətlər etmiş, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əraziyə baxış keçirilmişdir. Lakin aparılmış yoxlamalar zamanı heç bir qanunsuzluq aşkar edilməmişdir. Ölçü işləri düzgün aparılarsa, həmin yerdə bələdiyyəyə məxsus torpaq sahəsinin olmadığı aydın görünəcəkdir.


Həmin torpaq Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə bizim ailəyə verilmişdir. Azərbaycanda bələdiyyələr isə 1999-cu ilin dekabr ayında yaradılmış, 2000-ci il tarixdə fəaliyyətə başlamışdır. Həmin torpaq bizə veriləndən sonra sərhədləri müəyyən edilərək ətrafına bərə qazılmış, bağ salınmışdır..İndi 26 ildən sonra belə bir adam ortaya çıxıb hegemoniya edərək özbaşına işlər görüb qanunsuzluqlara yol verir. Onun nə səlahiyyəti var ki, məhkəmə qərarı olmadan özbaşına qanuni sənədlə mənə məxsus olan torpağı əhatəyə alıb ətrafını bağlayır. Mənim əlimdə torpağımın qanunu sənədləri var ancaq bələdiyyə sədri Gülnar Mirzəliyevanın əlində heç bir sənədi yoxdur özbaşına iş görür.
Bu məsələni yerində mənim iştirakımla Prokurorluğun, Ədliyyə Nazirliyinin və Reyestr xidmətinin məsul vəzifəli əməkdaşları obyektiv araşdırıb qanuni rəy verib hegemoniya edən bələdiyyə sədrinin barəsində qanuni tədbirlər görməlidirlər.
Bir daha qeyd edirəm ki, həmin ərazinin bələdiyyəyə heç bir aidiyyəti yoxdur.
Mən Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Ədliyyə Nazirliyindən və Əmlak Məsələləri Dövlət Komitəsindən çox-çox xahiş edirəm, mənim qanuni mülkiyyətimdə olan 1,4508 ha torpaq sahəsinin sərhədləri dövlət reyestrində dəqiqləşdirilsin və özbaşına qanunsuz iş görən Ləkçıplaq bələdiyyəsinin sədri Gülnar Mirzəliyevanın barəsində qanuni və ciddi tədbirlər görülsün.
Adları çəkilən şəxs və qurumlarında mövqeyini dərc etməyə hazırıq!
TEREF