Baytarlıq laboratoriyası rəhbərlərinin forumu keçirilmişdir
19-07-2017, 21:15
teref.az - İyulun 18-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) inzibati binasında baytarlıq laboratoriyası rəhbərlərinin forumu keçirilmişdir.
Forumu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov açaraq bildirdi ki, tədbir 2016-cı il və 2017-ci ilin altı ayı ərzində görülmüş işlərin yekununa və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuşdur.
Amerika dövlətinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DİTRA) dəstəyi ilə laboratoriyalarda xeyli işlər görüldüyünü qeyd edən A.Süleymanov Azərbaycan Respublikasında laboratoriyaların inkişaf etdirilməsində, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, mütəxəssislərin hazırlanmasında, laboratoriyalarda standart əməliyyat prosedurlarının həyata keçirilməsində, biotəhlükəsizlik, biomühafizə üzrə təlimlərin keçirilməsində, ümumiyyətlə, laboratoriya sisteminin tamamı ilə yenidən qurulmasında və mütəxəssis hazırlanmasında bir çox işlər görüldüyünü bildirdi. O, qeyd etdi ki, görülmüş işlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin 12 zona baytarlıq laboratoriyasından 5-nin ikinci Bioloji Təhlükəsizlik Səviyyəsində (BTS-2) tamamı ilə yenidən qurulmuş, müasir laboratoriya avadanlıqları ilə təmin edilmişdir. Həmçinin Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsi DİTRA-nın həyata keçirdiyi proqram çərçivəsində həm avadanlıqlarla təmin edilmiş, həm də mütəxəssislərin hazırlanması işləri həyata keçirilmişdir.
Son illər ərzində görülən işlərdən biri də mərkəzi referens laboratoriyasının, yəni üçüncü Bioloji Təhlükəsizlik Səviyyəsində (BTS-3) laboratoriyanın qurulması işlərinin aparıldığını deyən A.Süleymanov qeyd etdi ki, bu işlər həm Səhiyyə Nazirliyinin, həm də Amerika hökumətinin dəstəyi ilə həyata keçirilir. Hal-hazırda BTS-3 səviyyəli laboratoriyanın mütəxəssislərinə təlimlərin keçirilməsi, avadanlıqların karbürasiyası və digər işlər aparılır. Eləcə də bildirdi ki, bu ilin sonunadək BTS-3 səviyyəli laboratoriyanın tikintisinin və tamamlama işlərinin başa çatdırılması və fəaliyyətə başlaması nəzərdə tutulmuşdur.
Azər Süleymanov görülən bu işlərlə yanaşı, qeyd etdi ki, son dövrlərdə Azərbaycan Respublikasında hər bir sahədə olduğu kimi, kənd təsərrüfatı sahəsində də bir çox nailiyyətlər əldə olunmuş və tədbirlər həyata keçirilmişdir. Görülmüş işlərdən biri də “Baytarlıq şəhərciyi”nin salınmasıdır. “Baytarlıq şəhərciyi”ndə üç inzibati və köməkçi binalar tikilmiş, isitmə-soyutma və havalandırma sistemləri, yeməkxana və s. quraşdırılmışdır.
“Baytarlıq şəhərçi”yində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Respublika Baytarlıq Laboratoriyasının inzibatı binaları tamamı ilə yenidən qurularaq istifadəyə verilmişdir. Respublika Baytarlıq Laboratoriyası müasir avadanlıqlarla təmin olunmuş və BTS-2 səviyyəsində bütün lazımi şərait yaradılmışdır. Həmçinin orada heyvan xəstəlikləri və qida təhlükəsizliyi ilə əlaqədar şöbələr yaradılmış və həmin şöbələr lazımi laboratoriya avadanlıqları ilə təmin edilmişdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun binası isə yenidən tikilmiş və orada da müasir iş şəraiti yaradılmışdır.
A.Süleymanov respublikanın bütün rayonlarında baytarlıq idarələri və diaqnostik kabinetlər üçün müasir binaların tikildiyini və bu binalarda yerləşən diaqnostik kabinetlərin müasir laboratoriya avadanlıqları ilə təmin olunduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, baytarlıq idarələrində də müasir iş şəraiti yaradılmışdır. Bundan başqa respublikada mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının hamısı 27 adda laboratoriya avadanlıqları ilə təmin olunduğunu bildirmişdir.
A.Süleymanov qeyd etdi ki, hal-hazırda 7 zona baytarlıq laboratoriyasının tikintisi gedir və bu ilin sonuna kimi həmin laboratoriyalardan 6-nın tikintisinin başa çatdırılması və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulmuşdur. Beyləqan zona Baytarlıq Laboratoriyasının isə 2018-ci ildə tikinti-quraşdırma işlərinin aparılması və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.
A.Süleymanov baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən bütün tədbirlərin həyata keçirildiyini və bunun nəticəsi olaraq son illər respublikada epizootik vəziyyətin sabit olmasını qeyd edərək bildirdi ki, əvvəlki illərdə regionda olan qonşu ölkələrdə dabaq, nodulyar dermatit, “quş qripi” və digər xəstəliklər baş verdiyi halda bizim respublikamızda bu xəstəliklər qeydə alınmamışdır. Bu isə ölkəmizdə aparılan qoruyucu kompleks baytarlıq-sanitariya, profilaktik tədbirlər nəticəsində mümkün olmuş və respublikamızda epizootik vəziyyət sabit qalmışdır.
Laboratoriya direktorlarının forumunun ildə bir dəfə keçirildiyini vurğulayan Azər Süleymanov qeyd etdi ki, bu tədbirdə 5 zona baytarlıq laboratoriyasının hər biri gördükləri işlər haqqında qısaca da olsa hesabat verirlər. Bu ənənəni davam etdirdiklərini bildirən A.Süleymanov vurğuladı ki, bu il əlavə olaraq digər zona baytarlıq laboratoriyalarının direktorları da foruma dəvət olunmuşlar. Bu ona görə edilmişdir ki, ilin sonuna kimi həmin laboratoriyalar da BTS-2 səviyyəsində yenidən qurulacaq, laboratoriya avadanlıqları ilə təmin ediləcəklər.
Forumda Respublika Baytarlıq Laboratoriyasının direktoru F.Quliyev, Bərdə zona Baytarlıq Laboratoriyasının direktoru Ə.Yahyayev, Göygöl zona Baytarlıq Laboratoriyasının direktoru M.Ələkbərova, Quba zona Baytarlıq Laboratoriyasının direktoru Ə.Məmmədov, Qax zona Baytarlıq Laboratoriyasının direktoru N.İmanov, Sabirabad zona Baytarlıq Laboratoriyasının direktor əvəzi R.Mirzəxanov çıxış edərək 2016-cı il və 2017-ci ilin alti ayı ərzində görülən işlərdən danışaraq hesabat vermişlər.
Foruma dəvət edilən ABŞ-n DİTRA-nın Bakı ofisinin rəhbəri Aleksandr Şiller 5 zona baytarlıq laboratoriyasının yenidən qurulmasından, laboratoriyaların müasir avadanlıqları ilə təmin edilməsindən, Amerika hökumətinin dəstəyindən danışıb laboratoriyalarda işlərin standartlara uğun aparılmasını qeyd etdi.
Baytarlıq laboratoriyalarında menitorluğu həyata keçirən “Blak and Viç” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Bondar 5 zona baytarlıq laboratoriyasında təhlükəsizlik sistemində nəzarət və mövcud çatışmazlıqlarla tanış olduqlarını və tezliklə yeni sistem quraraq problemin aradan qaldırılacağını bildirmişdir.
Forumun sonunda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov qonaqlara-DİTRA təşkilatının və “Blak and Viç” şirkətinin rəhbərliyinə təşəkkür edərək laboratoriya direktorlarına lazımi tapşırıq və tövsiyələrini vermişdir.