İsmayıllının nümayəndə heyəti Yaponiyaya yeni səfərə yola düşür.

28-07-2017, 22:54           

teref.az - Yaponiyanın İto şəhəri ilə İsmayıllı arasında qardaşlaşma müqaviləsi imzalandıqdan sonra nümayəndə heyətlərinin qarşılıqlı səfərləri müntəzəm davam edir. Müəllim və şagirdlərin səfərlərdə iştirakı münasibətlərə-şəhərlərarası dostluq və qardaşlıq əlaqələrinə yeni məzmun verir. İsmayıllı şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdləri (Yapon dilini distant üsulla öyrənənlər) Mehin Əkbərli və Suğra Ağamalıyeva coğrafiya müəllimi Şahin Gənciyevin rəhbərliyi ilə yeni səfərə hazırlaşırlar. Bu münasibətlə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruzəli Aslanov Gündoğar ölkəyə yola düşəcək nümayəndə heyəti ilə görüşüblər. Görüşdə valideynlər və müəllimlər də iştirak ediblər.
İto şəhərində səfərdə olub, qardaşlaşma müqaviləsini imzalamış Mirdaməd Sadıqov şagirdlərə təcrübəli təhsil təşkilatçısı və həyat təcrübəsi zəngin olan bir ziyalı kimi məsləhətlərini vermiş, yaxşı yol arzulamışdır. Deputat Novruzəli Aslanov belə səmimi və işgüzar görüşü təqdir etmiş, distant yolla Yapon dilinin öyrənilməsini bəyənmiş, İsmayıllıya, İsmayıllı təhsilinə yeni-yeni uğurlar arzulamışdır.
Yaponiyada səfərdə olmuş Şərafət Bayramov və şəhər 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov Yaponiyadan gələcək müəllim və şagirdlərlə əlaqədar hazırladıqları qonaqlama proqramı ilə rəhbərliyi tanış ediblər.
Qeyd olunub ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin uğurlu alınması üçün bütün ehtiyac olan tədbirlər, hazırlıq işləri görülüb.
Hər iki məkanda davam edəcək 14 günlük səfər hər iki nümayəndə heyəti üçün çox faydalı olacaq.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.