İsmayıllı rayonunun Zərnava bələdiyyəsi işləyir
30-08-2017, 17:18
teref.az - Ucqar Zərnava kəndində tibb məntəqəsinə, bələdiyyəyə müraciət edəndə mütləq fərdi evə getməli idilər. Çünki, həmin təşkilatların özünə aid binası yox idi. Əsasən Aşağı Zərnavada yerləşən İƏD üzrə nümayəndə Yuxarı Zərnavaya gələndə oturmağa yer tapmırdı. Vəziyyətin belə qalmasını istəməyən bələdiyyə sədri Afaq Məhərrəmova imkanlar axtarmağa başladı. Ərazidəki asma körpü turistlərə ödənişli əsasda təqdim olunur. Buradan toplanan vəsait dotasiyalara əlavə edilib, digər mənbələrdən də vəsait əldə olunub, tikintiyə yönəldilib. 3 otaqlı bina artıq istifadəyə hazırdır. Otaqların birində bələdiyyə, birində tibb məntəqəsi və birində də İƏD üzrə nümayəndə yerləşəcək.
Onu da qeyd etməyi vacib sayırıq ki, asma körpü dövlət vəsaiti hesabına yox bələdiyyənin və kənd sakinlərinin fəal iştirakı ilə tikilib. Yaxşı haldır ki, bələdiyyə öz əmlakına sahiblik etməyi bacarır.
Girdiman çayından Zərnava kəndinədək mövcud olan yol da düzəldilib. İri bulduzer və qreyderin işlədiyi yolla indi kəndə yüngül minik maşınları da gedir.
Müəllimlikdən əmək haqqı alan sədr bələdiyyənin gəlirlərini əmək haqqına yox, sosial məsələlərin həllinə yönəldir. Zərnava tam orta məktəbinə su xətti çəkilməsi və bulaq tikilməsi belə faktlardan biridir.
Görülən bütün işlərdə rayon icra hakimiyyətinin rəhbərliyi Zərnava bələdiyyəsinə hərtərəfli yardımçı olur.
Zərnava bələdiyyəsinin işlərindən ona görə yazıldı ki, digərləri də ondan nümunə götürsünlər, fəal mövqeyə gəlsinlər.