İsmayıllıya səfər etmiş Belorus qonaqlar Heydər Əliyev Mərkəzində qəbul edilib.
31-08-2017, 22:29
teref.az - İsmayıllı rayonu ilə Belorus Respublikası Minsk vilayətinin Nesvij rayonu bir neçə ildir ki, qardaşlaşmış şəhərlər müqaviləsi əsasında qarşılıqlı səfərlər edir, kənd təsərrüfatı və mədəniyyət sahəsində təcrübə mübadilələri aparırlar.
Nesvij rayon Xalq Deputatları Sovetinin sədri Lazyuk Valeriy Mixayloviçin rəhbərliyi ilə İsmayıllıya səfərə gəlmiş nümayəndə heyətini 31 avqust 2017-ci il tarixdə Heydər
Əliyev Mərkəzində rayon icra hakimiyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib.
Qəbulda Milli Məclisin deputatı Novruzəli Aslanov iştirak edib.
Mirdaməd Sadıqov qonaqları salamlayıb,onları İsmayıllıda görməkdən məmnunluq duyduğunu bildirib. İsmayıllının sosial-iqtisadi göstəriciləri,tarixi,coğrafiyası,əhali tərkibi, xalq yaradıcılığı,xüsusilə inkişafda olan kənd təsərrüfatı ilə əlaqədar ətraflı məlumat verib. Taxılçılıqda və digər istehsal sahələrində Belorus qardaşların təcrübəsindən faydalanmağın zəruriliyini qeyd edib.
Mirdaməd Sadıqov qonaqların diqqətinə çatdırıb ki, aprel döyüşləri zamanı da Belorus dövləti öz obyektiv,ədalətli mövqeyini bir daha nümayiş etdirib. Dövlətlərimizin, xalqlarımızın yaxınlığı və dostluğu problemlərin uğurlu həlli üçün geniş imkanlar açır.
Millət Vəkili Novruzəli Aslanov qonaqları salamlayıb və Azərbaycanın, ölkənin sürətli inkişafında xüsusi yeri olan İsmayıllının nailiyyətlərindən ətraflı danışıb. Qanun yaradıcılığında üzvü olduğu komitənin fəaliyyəti barədə qısa məlumat verib.
Nümayəndə heyətinin rəhbəri,Nesvij rayon Xalq Deputatları Sovetinin sədri Valeriy Lazyuk cavab nitqində səmimi qəbul və işgüzar görüşləri üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkür edib. Bir gün ərzində Bakı və ondan sonra İsmayıllı ilə tanışlıqdan onlarda yaranan təssüratın sözlə ifadəsinə çətinlik çəkdiyini deyib:
“Novaya Jizn” aqrokombinatının direktoru Andrey Rotanski İvanovkada kənd təsərrüfatı istehsalının uğurlu təşkilindən danışıb və qeyd edib ki, burada təsərrüfatı qarşılıqlı təcrübə mübadiləsi əsasında daha da inkişaf etdirmək mümkündür.
Mirdaməd Sadıqov rayon icra hakimiyyəti adından İsmayıllının və xalq sənətkarlığının əksi olan hədiyyələri qonaqlara təqdim edib.
Konfrans zalındakı qəbuldan sonra Heydər Əliyev Mərkəzinin akt zalında Basqal Kəlağayısı-“Kəlağayı” kitabı və filminin təqdimatı olub. Təqdimatı Bakı Dövlət Universitetinin professoru,Kəlağayı tədqiqatçısı, Kəlağayının UNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil olunmasında elmi xidmətləri olan Rəna İbrahimbəyova keçirib.
Mirdaməd Sadıqov və Novruzəli Aslanov yüksək səviyyəli təqdimat üçün Rəna İbrahimbəyovaya, onun həyat və sənət yoldaşı Cəlil Tarverdiyevə təşəkkürlərini bildiriblər.Onlar eyni zamanda təqdimatda iştirak edən gənclərə xalq yaradıcılığını,xalq sənətkarlığını öyrənməyi və yaşatmağı tövsiyə ediblər. Vasiliy Lazyuk xalq sənətini elmi əsaslarla yaşatdığına görə Rəna xanıma və İsmayıllı rayon İcra hakimiyyətinin rəhbərliyinə razılığını bildirib.
Qeyd edib ki, belə təcrübəli mütəxəssislər, sənətkarlar hər yerdə azdır və gənclər onların yolunu daha geniş miqyasda davam etdirməlidirlər.
Qəbul və təqdimata qədər Belorusdan gələn qonaqlar multikultural və tolerant rayon olan İsmayıllının Lahıc qəsəbəsində, İvanovka kəndində, Qalacıq zonasında, “Xoşbəxt-X” xalça sexində, müxtəlif emal müəssisələrində olublar.
Növbəti səfər Qəbələ və Şəki şəhərlərinə olacaqdır