Prezident İlham Əliyev Lənkəranda “Astara Çay” MMC-nin çay plantasiyalarına baxıb

2-09-2017, 20:30           
Prezident İlham Əliyev Lənkəranda “Astara Çay” MMC-nin çay plantasiyalarına baxıb
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Astara Çay” Məhdud Məsuliyyətli Cəmiyyətinin plantasiyalarına baxıb.

"Report" xəbər verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq. Təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub.

Prezident İlham Əliyevə məlumat verilib ki, respublika üzrə mövcud 1016 hektar çay sahəsinin 568 hektarı Lənkəran, 345 hektarı Astara, 60 hektarı Zaqatala və 43 hektarı Masallı rayonlarının ərazisindədir. Bu ilin iyul ayınadək mövcud çay sahələrindən 444,1 ton yaşıl çay yarpağı istehsal olunub və hazırda bu proses davam etdirilir. Lənkəran rayonu ərazisində 568 hektar çay sahəsinin 289 hektarı “Astara Çay” MMC-ə məxsusdur.

“Astara Çay” MMC 2010-cu ildə təsis edilib. Quru çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı plantasiyalardan tədarük olunur. Bu plantasiyalarda əkilən “Konxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən alınıb. Toxumlar sınaqdan keçirilib, yerli şəraitə uyğunlaşdırılaraq əkilib. Ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən çayın becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Dörd ildir ki, çay sahələrində Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır. Astara rayonu ərazisində, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır. Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir. Astara çay fabriki 2016-ci ildə İSO 9001 və İSO 14001 sertifikatlarına layiq görülüb.
Prezident İlham Əliyev “Astara Çay” MMC-nin işçiləri ilə söhbət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.