İsmayıllıda Təhsil bayramı uğurların təntənəsi olub

5-09-2017, 17:25           
İsmayıllıda Təhsil bayramı uğurların təntənəsi olub
Teref/info - Azərbaycanın hər bir bölgəsi sosial-iqtisadi inkişafda təhsilin, mədəniyyətin, sosial xidmətlərin təşkilində fəallıqla iştirak edir. Rayonlar arasında fərqli cəhətlər də vardır. Hərə inkişafın bir istiqaməti ilə daha çox fərqlənir. Ismayıllı rayonu təhsil sahəsində daha yüksək nəticələrə çatır, ənənələri novatorluqla davam etdirərək uğurları ilbəil artırır. Dövlət təhsil siyasətinin geniş miqyasda həyata keçirilməsi, bütün təhsil müəssisələrini əhatə etməsi üçün rayon icra hakimiyyəti məhsuldar şərait yaradır. Müəllimə, məktəbə xüsusi qayğı ilə yanaşır.
Bu günlərdə keçirilən Təhsil bayramı da məhz bu mövqedən irəli gəlib, uğurların təntənəsinə çevrilib.
Bayram Dövlət Himninin canlı oxunması ilə başlanıb.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Təhsil bayramı iştirakçılarını, ali məktəblərə qəbul zamanı tam orta məktəb məzunlarını əldə etdikləri yüksək nəticələrə görə təbrikdən sonra bildirib ki, təhsil İsmayıllını tanıdan, dövlət siyasətinin həyata keçirilməsini təsdiq edən, əsil vətəndaş yetişdirən vacib fəaliyyət sahəsidir. Fəxr edirik ki, müəllimlərimiz, təhsil işçilərimiz və şagirdlərimiz Prezident İlham Əliyevin, dövlətimizin diqqət və qayğısını yüksək təhsil nəticələri ilə doğruldurlar. Sevinirik ki, bu il də yüksək bal toplayan, Qızıl və Gümüş medallara layiq görülən məzunlarımız vardır. 26 nəfərin 600-dən çox, 60 nəfərin 500-600 arası bal toplaması bir daha onun göstəricisidir ki, İsmayıllının təhsil müəssisələrində təlimin, pedaqoji əməyin təşkili yüksək səviyyədədir. Rayonun ümumi inkişafında da təhsil işçilərinin fəal iştirakı diqqəti cəlb edir.
Mirdaməd Sadıqov Qızıl və Gümüş medal alanları, onların təhsil aldığı məktəblərin direktorlarını, bir qrup fərqlənən təcrübəli müəllimi xüsusi qiymətli hədiyyələrlə mükafatlandırıb.
İsmayıllını Milli Məclisdə uzun illər təmsil edən, müəllim və məktəblərin problemlərinin həllində iştirakını vacib sayan Millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov yeni tələbələri və onların müəllimlərini təbrik edib, yüksək balla universitetlərə qəbul olunanlara qiymətli hədiyyələr verib.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov çıxışında deyib ki, rayonun tam orta məktəblərini bu il 777nəfər gənc bitirib.440 nəfər qəbul imtahanında iştirak etmək üçün sənəd verib. Çox fərəhli haldır ki, onların 354 nəfəri tələbələr sırasına daxil olub. Bu da Respublikada ən yüksək göstəricilərdən biridir. Bunlara səbəb məktəb və müəllimlərimizin səylə çalışmasının, müasir təlim metodlarına, innovativ və elektron təhsil üsullarına yiyələnməsinin nəticəsidir. 22 məktəbimiz “Ən yaxşı məktəb”, 26 müəllimimiz “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Informasiya texnologiyaları əsasında məktəblərimizin beynəlxalq əlaqələri və bu tipli layihələrdə iştirakı daha geniş miqyas alıb.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu və Belarus nümayəndə heyətinin rəhbəri, Minsk vilayəti xalq deputatları sovetinin sədri Vasiliy Lazyuk bayramın səbəbkarlarını və bütün iştirakçılarını təbrik ediblər.
Lahıc qəsəbə tam orta məktəbini bitirən, test imtahanlarıında 700 bal toplayan Qızıl medallı Vahab Cəbrayılov səmimi və düşüncəli çıxışı ilə diqqəti cəlb edib. O, ölkəmiz üçün gərəkli mütəxəssis olacağını və elmin ardınca inamla gedəcəyini bildirib.
695 bal toplayıb hüquqşünaslıq ixtisasını seçən Murad Ağazadənin atası Rövşən Ağayev çıxışında oğlunu bu səviyyəyə çatdıran müəllimlərə, nümunəvi təhsil şəraiti yaradan dövlətimizə minnətdarlığını bildirib. Şagirdləri yaxşı oxumaqla yanaşı ictimai fəallığa çağırıb.
600-700 və 500-600 bal toplayan məzunlara rayon icra hakimiyyətinin qiymətli hədiyyələri və mükafatları verilib.
Sonra bayram konserti olub.
Bayram iştirakçıları tədbirdən əvvəl şəhər Mədəniyyət mərkəzinin foyesində təşkil olunmuş, təhsil nailiyyətlərini əks etdirən sərgiyə baxıblar.
Təhsil bayramı bir daha göstərdi ki, İsmayıllı rayonu Respublikamızın sürətli inkişafında öz yerini dəqiqləşdirib və möhkəmləndirib, Prezidentin sərəncamı tapşırıq və tövsiyyələrini məsuliyyətlə icra edir. Nəticələr də bütün istiqamətlərdə yüksələn xətt üzrə davam edir.























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.