Məcburi köçkünlərlə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş
5-09-2017, 17:29
Teref/info - Rayon ərazisində 871 ailədə birləşən 3477 nəfər məcburi köçkün müvəqqəti məskunlaşıb. Dövlət qayğısının nəticəsi olaraq onların mənzil-məişət, sosial xidmət problemləri öz həllini tapıb. Gündəlik qayğılar, həyatın davamında yaranan ehtiyac və tələblər hər bir sahədə olduğu kimi köçkünlükdə də özünü ara-sıra göstərir.
Rayon icra hakimiyyətinin rəhbərliyi məhz bunları əsas götürərək 5 sentyabr 2017-ci il tarixdə RİH-nin akt zalında hüquq mühafizə və ədliyyə orqanlarının, sosial xidmət, kənd təsərrüfatı, iqtisadiyyat, təhsil, səhiyyə sahələri rəhbərlərinin iştirakı ilə ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüş keçirib.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov iştirakçıları salamlayaraq qeyd edib ki, görüşə qədər aid məsul işçilərin iştirakı ilə yerlərdəki vəziyyət öyrənilib, təhlil olunub və ilkin tədbirlər müəyyənləşdirilib. Bu gün sizi dinləyəcək, təkliflərinizi, tənqidi qeydlərinizi ümumiləşdirəcək və icrasına nail olmaq üçün tədbirlər planına əlavə edəcəyik. Qaz, su və elektrik enerjisi ilə əlaqədar problemlərin həlli üçün aid baş idarələrə müraciət olunacaq. Məcburi köçkünlərin məşğulluğunun artırılması və mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar iş davam etdiriləcək.
Mirdaməd Sadıqov mövcud problemlər barədə ətraflı danışdıqdan, onların həlli yollarını şərh etdikdən sonra sözü iştirakşılara verib.
Ağdamın səlahiyyətli nümayəndəsi Zahid Namazov , Laçın rayonundan məcburi köçkün düşmüş Vaqif Tanrıverdiyev, kəlbəcərli Əbülfət Rəfiyev çıxış edərək qayğı və diqqətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər, İsmayıllı əhalisindən, rayon rəhbərliyindən razılıqlarını bildiriblər. Həm də soydaşlarını əmək fəallığına, təsərrüfatçılıqda səmərəli işləməyə və gözləmə mövqeyindən uzaqlaşmağa çağırıblar.
Zakir Əhmədov, Əyyub Əhmədov, İzzət Məmmədov, Tünzalə Həsənova, Rasim Qarayev və Cəlal Məmmədov bir sıra sosial məsələlərlə əlaqədar təkliflər veriblər. Görüşdə məcburi köçkünlərin yaşadıqları ərazilərə qaz çəkilməməsindən daha çox narazılıq eşidilib. Ümumilikdə isə görüş çox işgüzar, səmərəli şəraitdə keçib.
Rayon icra hakimiyyəti ilə bağlı məsələlərin tezliklə həlli müsbət nəticələri ortaya çıxaracaq.