Gənc müəllimlərin RİH-nin rəhbərliyi ilə görüşü və andiçmə mərasimi

14-09-2017, 19:11           
Gənc müəllimlərin RİH-nin rəhbərliyi ilə görüşü və andiçmə mərasimi
İsmayıllı rayonunun ümumtəhsil məktəbləri uğurlarını ilbəil artırır. Bu işdə pedaqoji kontingentin tərkibini hər il zənginləşdirən gənc müəllimlərin də fəal iştirakı əhəmiyyətli rol oynayır.
Bu il test imtahanlarından müvəffəqiyyətlə keçib İsmayıllıya təyinat alan müəllimlərin sayı 87 nəfərdir. Onların 54 nəfəri İsmayıllıdan, 33 nəfəri isə Respublikanın müxtəlif bölgələrindəndir. Aran Xəlilli kəndindən başlamış ucqar Brovdal kəndinə qədər ehtiyac olan hər bir məktəbə kadr göndərilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun bilavasitə təşəbbüsü, RİH aparatı və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə bu il rayona təyinat alan müəllimlərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Mirdaməd Sadıqov gənc müəllimləri yeni fəaliyyətə başlamaları və “Bilik günü” münasibətilə təbrik edib, təhsil xidməti göstərməkdə onlara uğurlar arzulayıb. Qeyd edib ki, ümumilli liderin və cənab Prezidentin böyük dəyər verdikləri, səfərləri ilə şərəfləndirdikləri İsmayıllı rayonunda hər kəs üçün işləmək həyati əhəmiyyət kəsb edir. Dövlət təhsil siyasətinin həyata keçməsi və yüksək nəticələr verməsi üçün rayon icra hakimiyyəti mümkün olan bütün imkanları yaradır. Uğurlar, “Təhsil bayramı” formasında öz layiqli qiymətini alır. Tarixi ənənələrə malik İsmayıllı təhsili gənclərin simasında bundan sonra daha da inkişaf edəcək, zənginləşəcək.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov İsmayıllı məktəblərinin uğurlarından, hər il fərqli yüksək nəticələrə çatmasından, dövlətin gənc müəllimlərə verdiyi imtiyazlardan danışıb. Onları say və ixtisas baxımından təhlil edib. Rayonda ziyalılıq mühitinin formalaşmasında yeni qüvvələrin əhəmiyyətli rolunun olduğunu qeyd edib. Bildirib ki, təlimlə tərbiyə həmişə vəhdətdə götürülməlidir.
Təhsil veteranları Fərman Bəşirov, Şəfaqət Rəsulov, Mirvari Musayeva, Humay Talıbova və Valeh Salehov çıxış edib, ömür boyu topladıqları təcrübəyə əsaslanaraq gənclərə öz məsləhətlərini veriblər.
Şəhər 7 saylı tam orta məktəbə, Gəraybəyli tam orta məktəbinə və Zeyvə ümumi orta məktəbinə təyinat almış Mətanət İsbatova, Günel Tapulova və Röya Məmmədova çıxış edərək bildiriblər ki, test imtahanları çox obyektiv keçib,hər kəsə öz potensialını üzə çıxarmağa imkan verilib.
Sonda müəllimlər and içiblər. Onlara təyinatlar təqdim olunub.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.