Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”
15-09-2017, 17:43
teref.az- İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci “Bilik günü”nü əsaslı surətdə təmir olunmuş, təlimin təşkili tələblərinə uyğun təchiz olunmuş, dövlət təhsil siyasəti və ideologiyası əsasında tərtib edilmiş binanın önündə qarşılayıb.
“Bilik günü”nə həsr olunmuş təntənəli tədbiri açan kollecin direktoru Kəmalə Süeymanlı qeyd edib ki, bütün əvvəlki illərdən fərqli olaraq bu ilki “Bilik günü”nü dövlət təhsil siyasətinin təntənəsi, Prezident İlham Əliyevin təhsilə, onun təkmilləşməsi və inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi daha yüksək əhval – ruhiyyə ilə qeyd edirik. Dövlətimizə, onun başçısına dərindən minnətdarlığımızı bildiririk. Kollecin açılmasında və indiki müasir səviyyəyə gətirilməsində əməyi olanlara təşəkkür edirik.
İsmayıllı rayon icra hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov “Bilik günü” münasibətilə Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrini və pedaqoji heyətini səmimiyyətlə təbrik edib, onlara yeniləşmiş, müasirləşmiş şəraitdə yeni-yeni uğurlar arzulayıb. O, kollecin bu günkü durumunu, onunla yanaşı Peşə tədris mərkəzinin səmərəli fəaliyyyətini dövlət təhsil siyasətinin uğuru kimi dəyərləndirib, fasiləsiz təhsilin təşkilində onların əhəmiyyətli rol oynadığını bildirib. Mirdaməd Sadıqov çıxışında onu da qeyd edib ki, kollecin İsmayıllıda açılması ölkə rəhbərliyinin rayona verdiyi dəyər kimi qəbul olunub, onun problemlərinin həllinə də bu mövqedən yanaşılır. Ümid edirik ki, kollecin pedaqoji kollektivi və rəhbərliyi yaxşı mütəxəssis yetişdirməyi həmişə əsil vətəndaş tərbiyə etməklə vəhdətdə götürməli, Azərbaycana layiq vətəndaş olmağı, vətəni sevməyi, onu məsləkə, əqidəyə çevirməyi gənclərə təlqin etməlidir.
Digər çıxışlardan sonra Mirdaməd Sadıqov RİH başçısının müavini Sevil Əhmədova, direktor Kəmalə Süleymanlı ilə birgə əsaslı təmirdən çıxmış auditoriyalara, nəfis şəkildə tərtib olunmuş foyelərə, komputer sinfinə və kitabxanaya baxıb, məsləhətlərini verib.
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, Əməkdar elm xadimi Misir Mərdanov “Gənclik mərkəzi”nin akt zalında kollecin tələbələri ilə müəllimləri qarşısında “Azərbaycanın təhsil tarixi” mövzusunda məruzə ilə çıxış edib. Bununla da “Bilik günü”nə həsr olunmuş tədbir başa çatıb və tələbələr dərsə başlayıblar.