İsmayıllı RİH-nin başçısı və Millət vəkili Mücü və Xankəndində qəbul keçiriblər FOTO
22-09-2017, 01:09
teref.az - Hər bir kənddə, qəsəbədə, İsmayıllı şəhərinin hər bir məhləsində müntəzəm görüş-qəbullar keçirən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruzəli Aslanov 21 sentyabr 2017-ci il tarixdə Mücü və Xankəndi kəndlərində olublar.
Mücüdə keçirilən görüş-qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov İsmayıllının timsalında dövlətin sosial siyasətinin yüksək səviyyədə həyata keçirilməsindən, Mücünün ona bəlli olan problemlərindən, onların aradan qaldırılması yollarından ətraflı danışıb.
Millət Vəkili Novruzəli Aslanov çıxış edərək deyib ki, İsmayıllıda əhalinin sosial həyatı,təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri RİH-nin rəhbərliyi ilə birgə həll etməyə çalışırıq. Deputatın fəaliyyəti daha çox qanun yaradıcılığından ibarət olsa da, əhali ilə müntəzəm görüşür, aid-strukturlarla birgə onların təklif və arzularını öyrənir, reallaşmasına yardımçı oluram.
Mais Süleymanov, Zülfüqar Zülfüqarov, Ağabala Zülfüqarov, Cavanşir Süleymanov kəndə yeni güc transformatoru qoyulmasını, kənddaxili elektrik xətlərinin qaydaya salınmasını, məktəbin qış mövsümünə hazırlanması üçün kombi sisteminin təmirinə yardımçı olmağı xahiş etdilər.
Məktəbin direktoru A.Zülfüqarov Mücü kəndinin tarixinin öyrənilməsi məqsədi ilə AMEA-na müraciət etməyi məqsədəuyğun sayıb. Transformator məsələsi “Azərişığ”a müraciət əsasında yerindəcə həll olunub. Digər məsələlərlə əlaqədar aid strukturlara müvafiq tapşırıqlar verilib.
Xankəndində keçirilən qəbul zamanı Balaşükür İskəndərov kəndə qaz çəkilməsi, Əlibaba Şıxıyev perspektiv inkişaf üçün torpaq sahəsi ayrılması, Zəfər Hüseynov Mücü çayının kənarında sahilbərkitmə işləri aparılması, Rəfail Cəlilov sakinlərin qış yanacağı ilə təmin olunması üçün imkan yaradılması barədə fikir söyləyiblər.
Hər bir məsələ ilə əlaqədar qanuna və mövcud imkanlara əsaslanan tapşırıqlar verilib.
Səmimi və işgüzar şəraitdə keçən görüş-qəbullar qarşılıqlı razılıq yaradıb.