Gələcəyimizi bu gün yaradırıq.
10-10-2017, 17:57
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi
nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə,
ölkəmizin, millətimizin, dövlətimizində
gələcəyi bundan asılı olacaqdır.”
Heydər Əliyev
Həyatımızın hansı istiqaməti barədə fikir söyləmək istəsək, mütləqdir ki, Ulu öndərin hikmət dünyasına müraciət edək. Belədə müsbət nəticəyə, düzgün məqsədə tez çata bilirik. Mən bu yazımda Ümummilli lider Heydər Əliyevdən gətirdiyim iqtibasa əsaslanıb, rayonda mövcud olan uşaq bağçası-körpələr evlərindəki duruma nəzər yetirmək, cavabdeh insanların diqqətini bir daha tərbiyə işinin bu vacib sahəsinə yönəltmək istərdim.
Birinci növbədə onu qeyd edim ki, Ulu öndərimiz dönməz idi, əyilməz idi. O, həyatda yalnız bir halda əyilirdi – gələcəyimiz olan körpələri əzizləmək və bağrına basmaq üçün qucağına alanda. Bu münasibət profilindən, iş sahəsindən asılı olmayaraq hər birimizi uşaqların həyatı üçün məsul edir, körpələr qarşısında həmişə borclu olduğumuzu xatırladır.
Bütün dünyada olduğu kimi ölkəmizdə də məktəbəqədər təhsil sürətlə inkişaf etməkdədir. Məktəbəqədər təhsil uşaqların məktəbə hazırlıqlarını və digər məsələləri özündə birləşdirir,intellektual, fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Bəs rayonumuzda vəziyyət necədir?
İndiki halda rayon ərazisində 11 uşaq bağçası fəaliyyət göstərir. Həmin təlim və tərbiyə müəssisələri 410 nəfəri əhatə edir. Sumağallı kəndində, İsmayıllı şəhərinin Qəşəm Aslanov və Təbriz küçələrində məktəbəqədər tərbiyənin müasir tələblərinə cavab verən bağça binaları tikilib. Xəlilli kəndində inşası başa çatmaqda olan uşaq bağçasının tikintisi, təəssüf ki, dayandırılıb. Düşünürük ki, belə hal çox davam etməli deyil. Çünki əvvəl qoyulmuş vəsaitdə səmərə vermədən itmiş olar.
Fasiləsiz təhsilin ilkin mərhələsi olan məktəbəqədər tərbiyə prosesi ciddi diqqət və qayğı tələb edir. Rayon İcra Hakimiyyəti də bu həqiqətə əsaslanıb yaranan problemləri vaxtında həll edir, ərzaq və yanacaqla təminata, kadr tərkibinin yaxşılaşdırılmasına daha diqqətlə yanaşır, hərtərəfli köməklik göstərir.
Müəllim faktoru məktəbəqədər təhsilin və uşağın inkişafına təsir edən ən əsas faktorlardan biridir. Bağçada çalışan müəllimlər də ali təhsilli və təcrübəli mütəxəsislər olmalıdır. Kadr tərkibinin yaxşılaşdırılmasına daha çox ehtiyac vardır. Bir vaxtlar qeyri ixtisaslar müdir və tərbiyəçi ştatlarına götürülüb. Bağça müdirlərinin yalnız biri ali ixtisas təhsillidir. Bu yaxnlarda rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə uşaq bağçası – körpələr evlərində monitorinq keçirilib. Nəticələr rayon icra hakimiyyəti başçısı yanında Şura iclasında müzakirə edilib, tədbirlər müəyyənləşdirilib. Bu bir daha onu göstərir ki, gələcəyimiz icra və təhsil orqanlarının gündəlik diqqətindədir, onun daha təminatlı, daha uğurlu olması üçün gərəkli və səmərəli tədbirlər həyata keçirilir.
Düzdür, rayon ərazisində məktəbəqədər tərbiyə müəssisələri şəbəkəsi hələ də geniş miqyaslı deyil. Lakin məktəbəqədər yaşlı uşaqların hazırlıq sinifləri vasitəsilə təlim-tərbiyəyə cəlb olunması problemin həllində əhəmiyyətli rol oynayır. Hazırlıq siniflərinə keçən dərs ilində 898 nəfər, bu il isə 904 nəfər uşaq cəlb olunub.Bu da məktəbə hazırıq işinin müvəfəqiyyətli yolu kimi valideyinlər və pedaqoji ictimaiyyət tərəfindən razılıqla qarşılanır.
Uşaqların məktəbəqədər təlim və tərbiyəsi yalnız uşaq bağçaları ilə məhdudlaşmır, valideyinlərin, yerli təşkilatların, bəzi QHT-lərin, mədəniyyət və incəsənət işçilərinin üzərinə də cox vəzifə düşür. Bu isə ayrı yazının mövzusudur.
Gülər Baxışov
İsmayıllı Rayon İcra Hakimiyyəti
aparatı İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin baş məsləhətçisi