Lahıc qəsəbəsində İcma evi və Sənətkarlıq evinin açılışı
23-10-2017, 16:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 oktyabr 2017-ci il tarixli Sərəncamları ilə yeni həyatını yaşamağa başlayan Lahıc qəsəbəsində vacib bir layihənin icrası başa çatıb. İkinci Azərbaycan Kəndinvestisiya layihəsi çərçivəsində burada İcma evi və Sənətkarlıq evi istifadəyə verilib.
Bu münasibətlə Respublikanın müxtəlif guşələrində yaşayan Lahıclı ziyalıların və qəsəbə əhalisinin toplaşdığı təntənəli tədbiri Lahıc icmasının sədri Rövşən Əliyev açıb. İkinci Kəndinvestisiya layihəsinin direktoru Sübhan Əsgərov çıxış edərək İcma evi və Sənətkarlıq evi adlanan birgə layihənin mahiyyətindən, Lahıc icması üzvlərinin layihənin icrasında fəal iştirakından, rayon icra hakimiyyəti rəhbərliyinin layihəyə göstərdiyi hərtərəfli dəstəkdən, göstərdiyi köməklikdən danışıb. Qeyd edib ki, bu layihə ilə Lahıcın qədim tarixi üzərində sərəncamları ilə yeni tarix yaradan Prezidentimizin qayğısı sayəsində bütövlükdə muzey olan bu yaşayış məskəni daha da inkişaf edəcək, daha geniş miqyasda tanınacaq.
Professor Şakir Bədəlov, İsmayıllı Regional Mədəniyyət və Turizm Mərkəzinin direktoru Elnur Hüseynov, professor Rüstəm Məmmədov, qəsəbə ağsaqqalı Hüseynağa Kamilzadə həyati əhəmiyyəti olan bu layihəyə görə icraçılara təşəkkür edib, iştirakçıları təbrik ediblər.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışını Prezident cənab İlham Əliyevə minnətdarlıqla başlayıb. Qeyd edib ki, ölkə rəhbərinin sərəncamları ilə yeni növrağını yaşamağa başlayan Lahıc qəsəbəsi və onun ətrafındakı kəndlər bundan sonra daha sürətlə inkişaf edəcək, sosial problemlər uğurla həll ediləcək. Lahıca olan münasibət turizmi rayonun əsas gəlir sahəsinə çevirəcək. Bu gün isdifadəsinə toplaşdığımız İcma evi və Sənətkarlıq evi Lahıcın sosial-mədəni, ideoloji-siyasi həyatında önəmli rol oynayacaq.
Lahıc şəhərsalma mədəniyyətinə, tarixi memarlıq üslubuna riayət edərək başa gətirdiyi bu layihəyə görə direktor Sübhan Əsgərov başda olmaqla layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq müraciəti qəbul olunub.
Başçının və layihə direktorunun iştirakı ilə yeni evlərə baxış keçirilib. Sonra akt zalında təntənəli tədbir iştirakçıları və qonaqlarla görüşən Mirdaməd Sadıqov rayonda görülmüş işlər, həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib. Çıxış edən qonaqlar İsmayıllının bu günkü inkişafından razı qaldıqlarını və özlərinin də bu və ya digər formada həmin işlərdə fəal iştiraklarını vacib sayıblar.
Lahıc qəsəbəsində yeni layihə sakinlərə və qonaqlara əsil bayram sevinci yaşadıb.