“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” - konfrans
24-10-2017, 17:32
“Bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi vaxtında qəbul edilmiş və zamanın çağırışlarına cavab verən addımdır.” Bu fikirlər bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən regional konfransda səsləndirilib.
Bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbərləri, YAP rayon təşkilatının rəhbərliyi, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfrans Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.
Sonra çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
DQİDK-nın sədri Mübariz Qurbanlı Ümummilli Lider tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan mükəmməl dövlət-din modeli sayəsində ölkəmizdə milli-mənəvi dəyərlərə qayıdışın əsasının qoyulduğunu, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərildiyini, ölkədə etiqad, inanc azadlığının tam təmin edildiyini qeyd edib. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə sabitliyin əldə olunması ilə yanaşı, ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində də əməli addımlar atıldığını diqqətə çatdıran Komitə sədri bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasının vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addım olduğunu bildirib.
Konfransda nümayiş etdirilən “Şəhadət” sənədli filmi barədə də fikirlərini bölüşən Mübariz Qurbanlı DQİDK-nın dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması istiqamətində sənədli filmlərin hazırlanmasına xüsusi önəm verdiyini vurğulayıb. O, vətənpərvərliyin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" sənədli filmində vətənə sevgi ilə yanaşı, eyni zamanda, dini ekstremizmin törətdiyi faciələrə diqqət çəkildiyini deyib.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
Konfransın ikinci panelində "Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi" mövzusunda müzakirələr aparılıb.
Rayonun məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinlərinin, məktəb psixoloqlarının, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, gənclərin iştirak etdikləri tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb. O, rayonda dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən, Dövlət Komitəsinin dəstəyi ilə dini icmaların həyata keçirdiyi maarifləndirmə tədbirlərinin cəmiyyətin, xüsusilə gənclərin sağlam dini biliklərlə təmin edilməsindəki rolundan danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühitinin yeni bir dövrə qədəm qoyduğunu, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldığını bildirib. Sədr müavini Azərbaycanda mövcud olan bu tolerantlığın, sabitliyin qorunub-saxlanılmasında milli-mənəvi, dini dəyərlərin təbliğinin, xüsusilə gənclər arasında düzgün aparılmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Dövlət Komitəsinin gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətinə toxunub.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov məruzəsində XX əsrin sonlarından etibarən bəşəriyyətin bəlasına çevrilən dini radikalizmin miqyası, əhatə dairəsi, gətirdiyi qorxunc fəsadlar barədə danışıb. Konfrans öz işini iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdırıb.