İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov Basqalda görüş - qəbul keçirib.
22-11-2017, 18:56
teref.az - smayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun müasir inkişafını təmin etmək, keçmişini aramaq, tarixi, etnoqrafiq, qədim memarlıq və arxeoloji abidələrini qorumaq üçün səmərəli layihələr həyata keçirir. Bu baxımdan hər bir yaşayış məntəqəsinə, xüsusilə Basqal və Lahıc qəsəbələrinə, İvanovka və Qalacıq kəndlərinə diqqətlə yanaşır. Tez-tez yerlərdə olur, problemləri öyrənir, müvafiq icra yollarını müəyyənləşdirir. Basqal qəsəbəsində keçirilən növbəti görüş - qəbul da bu məqsədi daşıyırdı.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, dövlət qayğısının nəticəsi olaraq Basqalın sosial məsələləri uğurla həll olunur. Qəsəbəyə asfalt yol və qaz kəməri çəkilib, enerji təsərrüfatı burada SİP kabel sistemi ilə yenilənir. Məktəb öz funksiyasını lazımınca yerinə yetirir. Kəlağayının təbliği mütəxəssislərin yaratdığı “Kəlağayı muzeyi” vasitəsilə geniş miqyasda aparılır.
İstərdik ki, basqallı iş adamları, sahibkarlar üzlərini yenidən öz doğma yurdlarına tərəf çevirsinlər. Qəsəbənin keçmiş gur həyatına qayıtması üçün kəlağayı toxuculuğu bərpa olunmalı, sakinlərin məşğulluğunun təmin edilməsi üçün qüvvələr bir araya gətirilməlidir.
Başçı giriş nitqindən sonra sözü, təklifi, arzusu və narahatlığı olan hər bir iştirakçını səmimiyyətlə dinləyib, aid xidmət təşkilatlarına icra barədə ciddi tapşırıqlar verib. Şikayətdən, narazılıqdan çox təkliflər üstünlük təşkil edib.
Qəbul edən də, qəbula gələn də bu görüşdən razı qalıb. Bu razılıq da növbəti uğurlar üçün zəmin yaradır.