İsmayıllıda Aşıq Yanvar Bədəlovun 75 illik yubileyi qeyd olunub.

28-11-2017, 20:12           

teref.az - Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun bu il anadan olmasının 75 ili tamam olur. Azərbaycan aşıq sənətinin inkişafında, onun təbliğində,istedadlı gənc aşıqların yetişməsində,folklorumuzun zənginləşməsində bu el sənətkarının xüsusi xidmətləri olub. Ustad aşıq Azərbaycan Aşıqlar Birliyinin üzvü,çoxsaylı qoşma, gəraylı, təcnislərin, ustadnamələrin müəllifidir. O,Azərbaycanda və bir çox xarici ölkələrdə ozan sənət növünü təbliğ edib, konsert proqramları ilə dinləyicilərin qəlbinə yol tapıb.
Aşıq Yanvarın anadan olmasının 75 illiyi ilə əlaqədar RİH başçısı 08 noyabr 2017-ci il tarixli, 151 nömrəli Sərəncam verib.Sərəncama uyğun olaraq aşıqla Tircan,Qubaxəlilli, Mollaisaqlı, Qalacıq və bir sıra digər kəndlərdə görüşlər keçirilib, ustad aşığın sənət dünyası varaqlanıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Respublika Aşıqlar Birliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 28-də Aşıq Yanvar Bədəlovun anadan olmasının 75 illiyi təntənəli şəkildə qeyd olunub.
Rayon mədəniyyət mərkəzində keçirilən tədbiri giriş sözü ilə RİH-nin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açıb,qonaqlara, tədbir iştirakçılarına Aşıq Yanvar işığına toplaşdıqlarına görə minnətdarlığını ifadə edib. Aşıq Yanvarın Şirvan aşıq məktəbinin layiqli davamçılarından olduğunu diqqətə çatdırıb.
Respublika Aşıqlar Birliyinin sədri, folklorşünas alim, professor Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Qəniyev, junalist Təranə Əmirli Aşıq Yanvarın sənət dünyasından söz açıblar, onun sənət nümunələrinin aydınlıq, səmimilik, sadəlik, xəlqilik, milli köklərə bağlılıq xarakteri barədə məlumat veriblər. Qeyd olunub ki, Aşıq Yanvar öz sözü və sazı ilə əbədilik qazanmış bir sənətkardır. Yeni aşıq nəsli üçün bir məktəb, qədimliklə müasirlik arasında bir körpüdür. Onlarla dastanı əzbər bilən Aşıq Yanvarın istedadlı ifaçı, şairlik təbinə malik sənətkar olduğu vurğulanıb.
Çıxışlardan sonra səhnə aşığın sənət dostlarına verilib. Aşıq Abbas Musaxanlının, Ağamurad İsrafilovun, Altay Məmmədlinin, Babək Şakirlinin, Nurlan İbrahimovun, Amil Dadaşovun, Hacı İbrahimovun, Əli Tapdıqoğlunun, Samirə Əliyevanın, müğənnilərdən Sahibə Abdullayevanın, Ağapaşa Xəlilovun, Qalib Güləliyevin ifaları alqışlarla qarşılanıb.
Qobustan rayonu, “Təklə” uşaq musiqi məktəbinin “Sazçı qrupu”nun üzvləri tərəfindən Aşıq Yanvarın sözləri üstündə oxunan “Olmusanmı İsmayıllıda?” aşıq mahnısı xoş ovqatla qarşılanıb, RİH başçı tərəfindən gənc aşıqlara fəxri fərman təqdim olunub.
Yanvar yetirməsi olan Aşıq Elman Talıstanlı tərəfindən “Şəşəngi” aşıq havası ustalıqla ifa edilib.
Sonda yubliyara söz verilib. El sənətkarı ona göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Respublika Aşıqlar Birliyinə, rayon rəhbərliyinə, sənət dostlarına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Xatirə şəkilləri çəkilib və aşığa hədiyyələr verilib.
İsmayıllıda sazlı-sözlü bir gün yaşanıb, sənətə və sənətkara layiq olduğu dəyər verilib.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.