Nəsimi rayonunda “Ümummilli Lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilmişdir
8-12-2017, 18:01
teref.az - Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Agbirçəklər Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunun təhsil, səhiyyə, mədəniyyət müəssissələrində, idarə və təşkilatlarında çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmçinin rayonun ictimai həyatında fəal iştirak edən qadınlar iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Agbirçəklər Şurasının sədri Zərifə Quliyeva bildirdi ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qayğı və dəstək gücləndi. Ümummilli Liderin qadın siyasətinin nəticəsində bu gün beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artmışdır.Bu gün respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, tarixən Azərbaycan cəmiyyətində ağbircəklərin, anaların xüsusi hörməti və nüfuzu olub. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ümummilli Lider,Ulu öndər Heydər Əliyev həmişə qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. O, 1969-cu ildə - respublikamıza ilk dəfə rəhbər təyin olunduqdan sonra qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlamışdı.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci il yanvarın 14-də qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Dahi Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra Fərman və Sərəncamlar imzalanmışdır. Bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların təmsilçiliyinin genişlənməsinə çox böyük diqqət yetirir.
Gülarə Verdiyeva çıxışına davam edərək bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın bu günü, gələcəyi üçün gördüyü, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər bir Azərbaycan qadını üçün nümunədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaq, yeniyetmə və gənclərimizin sağlam böyüməsi, təhsilləri, istedadları və dünyagörüşlərinin artması, həmçinin gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və layihələrdən ətraflı söz açdı.
Tədbirdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, əmək veteranı Səriyyə Əbülhəsənova və digərləri cıxış edərək Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən geniş söhbət açdılar.