Nəsimi rayonunda Azərbaycan Polisi günü münasibətilə tədbir keçirilmişdir.

2-07-2018, 19:08           

teref.az - İyulun 2-də Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir. Həmçinin ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Bu münasibətlə Nəsimi rayonunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon Polis İdarəsinin Rəisi, Polis Polkovniki Musa Musayev tədbir iştirakçılarını Azərbaycan polisinin yaranmasının 100 illiyi və 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təbrik edərək rayonda xidmət edən polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Rayon Polis İdarəsi Rəisinin Şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Vüsal Rüstəmov çıxış edərək bildirmişdir ki, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.
Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Natiq çıxışına davam edərək müstəqillik illərində Azərbaycan Polisinin o cümlədən, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyətini xüsusi qeyd etdi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında tədbir iştirakçılarını Azərbaycan Polisinin yaranmasının 100-cü ildönümü və Azərbaycan Polisi günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açdı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş rayon Polis İdarəsinin Rəisi, Polis Polkoniki Musa Musayevə gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan Polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla İyulun 2-si Azərbaycan Polisi günü elan olunub.
Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olundu.

























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.