Paşinyan yalvar-yaxarla Avropadan cəmi 3 milyon avro qopara bildi
2-11-2018, 09:54

Avropa İttifaqı Ermənistana maliyyə dəstəyinin həcmini 2 dəfə azaltdı
Oktyabrın 17-18-də Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya üzrə İcraçı Direktoru Tomas Mayr Hartinq və Aİ-nin yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olublar. Səfərin nəticəsi kimi Aİ növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verilib.
Diqqətçəkən odur ki, Aİ Ermənistanda bundan öncə - 2017-ci ilin aprelində keçirilmiş parlament seçkilərinin təşkili üçün həmin vaxt 7 milyon avro ayırmışdı. Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən seçki prosesində ciddi pozuntu və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və s. faktların üzə çıxması Aİ-ni çətin vəziyyətə salmışdı. Nədən ki, Aİ-nin müvafiq strukturları öz qiymətləndirmələrində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışmışdı. Lakin 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan özü də seçkilərin antidemokratik şəraitdə keçirildiyini iddia edərək, yeni parlamentin legitim olmadığını bəyan etmişdi. Burada bir nüans da diqqəti cəlb edir. Maraqlıdır, məgər Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Avropa İttifaqının Sərkisyan hökuməti ilə əlbir olduğunu demək istəyirdi?
Amma məlum olur ki, küçələrin hay-küyçüsü Paşinyan özü hələ prosesə başladığı ilk günlərdən Avropadan pul dilənməyə başlayıbmiş. NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları “dilənçi guşəsinə” çevirməklə avropalı dövlət başçılarından mədəd uman zavallı Paşinyan haradan bilsin ki, küçə yürüşləri psixologiyası yalnız ac-yalavac erməniləri aldada bilər? Nəticə isə indi göz qabağındadır: Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltdı.
Avropa İttifaqı rəsmiləri həmçinin açıq şəkildə elan etdilər ki, ondan başqa heç bir təşkilat Ermənistana pul ayıran deyil. Amma bu halda ortaya bir sual da çıxır. Əgər belədirsə, niyə Avropa İttifaqı maliyyə dəstəyini 2 dəfə artırmaq əvəzinə elə o qədər azaltdı? Məgər ölkədə səsvermə hüququna malik şəxslərin sayı azalıb? Yoxsa Aİ fikirləşir ki, Paşinyan Ermənistandakı siyasi durumu sabitləşdirmək əvəzinə Aİ-nin dəstəyi ilə öz diktaturasını qurmaq istəyir? Təbii, məntiqlə yanaşsaq, Paşinyan niyə də bunu etməsin? Bunu heç şübhəsiz ki, beynəlxalq qurumlar da bilməmiş deyil. Görünür, Aİ Paşinyanın demokratiya nağıllarına inanmır, onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır. Faktiki olaraq son gedişatlarda Aİ Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini gördü. Belə ki, Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və Aİ-nin vaxtilə tərifdən göylərə qaldırdığı seçki məcəlləsinə dəyişikliklər paketi 30 oktyabr tarixində Ermənistan parlamentində qəbul edilmədi. Yəqin ki, indi Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini daha dəqiq anlamağa başlayacaqlar.