Konstantinopol Rus Kilsəsini hədələdi
2-11-2018, 19:43

Əgər Rusiya Pravoslav Kilsəsi bundan sonra da Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyinə müqavimət göstərsə, ona qarşı müəyyən tədbirlər görüləcək.
Axar.az xəbər verir ki, bunu “BBC Ukrayna”ya müsahibəsində Konstantinopol Patriarxlığının rəsmi nümayəndəsi arxiyepiskop Telmiski İov deyib. Onun sözlərinə görə, pravoslav kilsələri arasında yeganə hakim və arbitr Konstanipoldan başqa heç kim ola bilməz:
“Rusiya Pravoslav Kilsəsinə patriarxlıq XVI əsrdə patriarx II Yeremieyin qərarıyla verilib. Qərarın yazıldığı sənəddə göstərilir ki, Moskvadakı nümayəndə özünü patriarx kimi yalnız onun Konstantinopol Patriarxlığını özünün rəhbəri kimi tanıyacağı müddət ərzində adlandıra bilər. Ümid edirik ki, Rusiya Pravoslav Kilsəsi ağıllanacaq və Konstantinopolla eyni yola qayıdacaq. Əgər bu vəziyyət uzun müddət davam etsə, biz kilsənin birliyi üçün müəyyən tədbirlər görməli olacağıq”.
Qeyd edək ki, bundan öncə Konstantinopol Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya verilməsi prosesini başladıb. Üstəlik, patriarxlıq Moskvanın Ukrayna Pravoslav Kilsəsinə mitropolit təyin etmək haqqını da əlindən alıb. Konstantinopol Patriarxlığının bu addımı Moskvanın sərt reaksiyasına səbəb olub. Bundan sonra Rusiya Pravoslav Kilsəsi Konstantinopolla əlaqələrini dayandırdığını açıqlayıb.
Bu, Moskva ilə Konstantinopol arasında ilk belə hal deyil. 1996-cı ildə tərəflər arasında münasibətlər Eston Pravoslav Kilsəsi ucbatından pozulmuşdu. Belə ki, arxiyepiskop Varfolomeyin Eston Pravoslav Kilsəsini öz yurisdiksiyasına almaq istəməsi Rus Pravoslav Kilsəsinin etirazına səbəb olmuş və tərəflər arasında əlaqələr kəsilmişdi. Lakin vəziyyət bu halda yalnız bir neçə ay qalmışdı.
Ukraynada üç böyük kilsə var. Bunlar Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi, Kiyev Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi və Ukrayna Avtokefal Pravoslav Kilsəsidir. Əgər Ukrayna Pravoslav Kilsəsi müstəqil olsa, o zaman Rus Pravoslav Kilsəsi öz gəlirlərinin üçdə birindən məhrum olacaq. Digər tərəfdən, bəzi ekspertlər kilsəyə müstəqillik verilməsinin Ukraynada müəyyən toqquşmalara səbəb yaradacağını da iddia edirlər. Onların fikrincə, bu, həm də Rus Pravoslav Kilsəsinin Şərqi Avropadakı pravoslavlar arasında mövqelərinin itirilməsinə şərait yaradacaq.