ABŞ neft ölkələrinə qarşı savaş açdı –Konqresin hüquq komitəsi antikartel qanun layihəsini qəbul edib
9-02-2019, 00:12

ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komitəsi fevral ayının 7-də NOPEC (No Oil Producing and Exporting Cartels Act) adı altında antikartel qanun layihəsini qəbul edib. Sənədin mətni komitənin saytında yerləşdirilib.
Qanunun qəbul edilməsində əsas məqsəd ABŞ məhkəmələrinə neft bazarında kartel sövdələşmələrində iştirak edən dövlətlərə qarşı antiinhisar iddia ərizələrinə baxmaq səlahiyyətinin verilməsindən ibarətidr. NOPEC bununla ABŞ-ın əsas antiinhisar qanunu sayılan Şerman aktına düzəlişlər gətirərək, digər ölkələrin hökumətlərinin neft istehsalının məhdudlaşdırılması və ona uyğun qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı istənilən birgə fəaliyyətini qeyri-qanuni sayacaq.
Qeyd olunur ki, həmin qanunvericilik aktı bu və ya digər versiyada 20 il öncə gündəmə gətirilibmiş. Hətta 2007-ci ildə qanun layihəsinin variantlarından biri həm Nümayəndələr palatası, həm də Senatda qəbul olunub. Lakin o vaxt prezident Corc Buşun buna kəskin şəkildə qarşı çıxmasına və veto edəcəyini söyləməsinə görə sənəd prezidentə imzalamaq üçün göndərilməyib.
“The Wall Street Journal”ın məlumatına əsasən, öz növbəsində OPEC də ABŞ-da irimiqyaslı lobbiçilik fəaliyyətinə start verib. Təşkilat bununla Vaşinqton administrasiyasını OPEC-in ölkə iqtisadiyyatının sabitliyinin saxlanılmasında nə qədər böyük rol oynadığına inandırmağa çalışacaq.
Bununla əlaqədar kartel elmi təşkilalatların, habelə araşdırmaçı institutların köməyindən istifadə edərək, həm Nümayəndələr Palatası, həm də ABŞ biznesmenlərinin maraqlarını təmsil edən ən böyük qeyri-kommersiya lobbiçi struktur sayılan Ticarət palatasında geniş kampaniya yürüdəcək.
OPEK-in baş katibi Məhəmməd Barkindonun təşəbbüsü ilə gerçəkləşdirilən lobbi fəaliyyəti üçün 500 min dollar pul ayrılması güman olunur. Lakin bu pulun ayrılmasına ABŞ-la hər hansı məsələdə qarşılıqlı fəaliyyəti qəbul etməyən İran etiraz edir.