Seçinin Putinə narahatlıq dolu məktubunun - Səbəbləri
11-02-2019, 17:57

Seçinin narahat olduğu məsələ tarixə “OPEK+Rusiya paradoksu” adı ilə düşəcək.
Axar.az xəbər verir ki, bu sözləri “Rosneft”in rəhbəri İqor Seçinin açıqlamasını şərh edən iqtisadçı ekspert Rövşən Ağayev deyib.
“Seçin şikayət edir ki, OPEK-lə neft hasilatının azaldılmasına dair saziş Rusiyanın strateji maraqlarına zərbədir. Çünki əvəzində ABŞ çox sürətlə hasilatını genişləndirir, bazar payını artırır. Seçinin dediklərindən aydın olur ki, ABŞ neft sektorunun vergi yükünü 30 faizə endirdiyi halda, Rusiyada bu göstərici 80 faizdir. Vergi yükünün belə az olması ABŞ hasilatçılarını investisiyaları artırmağa həvəsləndirir”, - Rövşən Ağayev qeyd edib.
Ekspert “Rosneft”rəhbərinin daha iki narahatlığının olduğunu bildirib:
“Birincisi, Rusiya neft şirkətlərinin bazar payının bərpası mümkünsüz hala gəlir. İkincisi, 2019-cu ilin sonlarında ABŞ-ın şist hasilat mərkəzlərindən Meksika körfəzindəki limanlara birbaşa boru kəmərlərinin istismara verilməsi bu ölkədə hasilatın və ixracın yenidən ciddi artımına dəstək verəcək. Görünür, Seçinin narahat olduğu məsələ tarixə “OPEK+Rusiya paradoksu” adı ilə düşəcək. Belə ki, cütlük hasilatı azaltmayanda qiymətlər ucuzlaşır, hasilatı azaldanda isə bazarları rəqiblərinə təhvil verir”.
Qeyd edək ki, “Rosneft”in rəhbəri İqor Seçin Rusiya Prezidenti Vladimir Putinə dekabrın sonunda göndərdiyi məktubda OPEK+ razılaşmasının ABŞ üçün üstünlüklər, Rusiyanın neft sənayesinin inkişafı üçün isə strateji təhdid yaratdığını bildirib.
Seçin həmçinin Rusiya neftinin dünya bazarında payının 16,3%-dən 12%-ə qədər azaldığını qeyd edib.