XXI əsrin dəniz quldurları və ya “Riah” tankeri hara yoxa çıxıb?
17-07-2019, 10:36

Panama bayrağı altında üzən və BƏƏ-dən gələn “Riah” adlı neft tankerindən axırıncı dəfə Hörmüz boğazı rayonunda siqnal gəlib.
Konkret.az Associated Press agentliyinə istinadla xəbər verir ki, tanker Dubay limanından Fuceyra limanına doğru istiqamət götürübmüş. Ötən həftənin şənbə günü gəmi siqnal verməyi dayandırıb. Bildiirlir ki, əvvəllər tankerlə bağlı belə hadisə olmayıb.
Gəmi sahibindən şərh almaq mümkün olmayıb. Tankerin sahibi olaraq qeydiyyatdan keçmiş Prime Tankers LLC bəyanat verib ki, o, adı çəkilən tankeri Mouj Al-Bahar şirkətinə satıb. Oradan isə bildiriblər ki, şirkətin bu adda tankeri yoxdur.

İnsident Hörmüz boğazında anti-İran sanksiyalarının şiddətləndiyi və İranın verdiyi cavab addımları fonunda baş verib.
Xatırladaq ki, iyul ayının əvvəlində Cəbəllütariqdə yerli hökumət Britaniyanın dəniz piyadalarının yardımı ilə İranın Suriyaya neft daşıyan supertankerini saxlayıblar. İran buna cavab olaraq Britaniya tankerini ələ keçirməklə hədələyib və Britaniya hərbçilərinin hərəkətini qanunsuz adlandıraraq, onları dəniz qulduqluğunda ittiham edib.
İyulun 11-də isə ABŞ və Böyük Britaniya İran bayrağı altında üzən katerlərin Hörmüz boğazı rayonunda beş dəfə Britaniya tankerinə hücum etdiyi barədə açıqlama yayıb. Krallıq donanmasının freqatı hücumçulara gəmi topu tuşlayaraq geri çəkilmələrini tələb edib.
Tehran isə baş verənlərlə əlaqəsinin olmadığı barədə bəyanat yayıb.
https://konkret.az/xxi-esrin-deniz-quldurlari-ve-ya-riah-tankeri-hara-yoxa-cixib