AYƏTULLAH SİSTANİDƏN İRANA SƏRT XƏBƏRDARLIQ:İraq küçələrində etirazların kükrəməsi nəyin nəticəsidir?
3-10-2019, 10:07
Əli Məmuri
“Əl-Monitor”, 02.10.2019
Bağdadda və İraqın digər cənub şəhərlərində şiddətli etirazların davam etdiyi bir vaxtda, Xalq Səfərbərlik Birliklərinin (XSB – “Haşdi-Şəabi”) rəhbəri Falih əl-Fəyyaz ABŞ müdafiə naziri Mark Esperlə görüşmək üçün oktyabrın 2-də Vaşinqtona yollanıb. ABŞ-ın Bağdaddakı səfirliyi isə bütün tərəfləri şiddət tətbiq etməməyə çağırıb.
Kütləvi etirazlarlar oktyabrın 1-dən başlayıb. İraq hökumətinin məlumatına görə, etirazların ilk günündə ən azı 2 nəfər ölüb və 200-dən çox insan yaralanıb, o cümlədən 40 təhlükəsizlik işçisi. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnağı və odlu silahdan istifadə ediblər.
İraq baş naziri Adil Əbdülmehdi etirazçıları iğtişaşlar yaratmaqda günahlandırıb və bütün tərəfləri sakit olmağa çağırıb.
Etirazlara qatılan və xəstəxanada yaralananlara yardım edən İraq parlamentinin keçmiş üzvü, Vətəndaş və Milli Qüvvələr Koalisiyasının baş katibi Şiruq Abayaçi “əl-Monitor”a verdiyi açıqlamada ölənlərin sayının qat-qat çox olduğunu söyləyib. Onun iddiasına görə, 20 nəfər. Yaralıların sayı isə 500-dən çoxdur.
İraq hər il, tez-tez zorakılıqla başa çatan, kütləvi etirazlara şahid olur. Etirazlar ümumiyyətlə, Sədr hərəkatı və ya digər müxalifət partiyaları tərəfindən təşkil olunur, lakin bu dəfə aksiyalar kortəbii xarakter daşıyır. İştirakçıların əksəriyyəti gənclərdir, təşkilatlanma və koordinasiya üçün sosial mediadan istifadə etdilər.
Şiələrin müqəddəs Kərbəla şəhəri də daxil olmaqla, Sədr və Şəab və İraqın digər iri yaşayış məntəqələri də daxil olmaqla, Bağdadın bir neçə ətraf qəsəbəsində aksiyalar indi də davam edir. Paytaxtın müxtəlif bölgələrində təhlükəsizlik qüvvələrinin ağır vəziyyətdə olduğu görünür.
Xəsarət alanların sayına gəlincə, ziddiyyətli rəqəmlər var, lakin son hesabatlarda 9 nəfərin öldüyü göstərilib.
Əbdülmehdinin etirazçıların hərəkətlərini pisləyən bəyanatından fərqli olaraq, İraq prezidenti Bərham Salih etirazçıların tələblərinə müsbət cavab verməyə çağırıb. Həmçinin, parlamentin spikeri Məhəmməd əl-Halbusi qərəzsiz araşdırmaya və təhlükəsizlik qüvvələrini təmkinli olmağa və nümayişçilərlə həddindən artıq güc tətbiq etməməyə səsləyib.
Şiə ruhaniləri Müqtəda Sədr və Əmmar əl-Həkim etirazçıların tələblərini dəstəklədiklərini bildirib, baş nazirin bu tələbləri yerinə yetirməməsinə və etirazçılarla müvafiq şəkildə rəftar etməməsinə görə tənqid ediblər.
Sədr və Həkim, hər ikisi 2018-ci ildə hökumətin qurulmasının vacib elementləri olsalar da, Əbdülmehdi hökumətinə güclü müxalifət yaratmaq üzərində çalışırlar.
Şiddətli etirazların başlamasından sonra İraq parlamentində “Milli Hikmət” Bloku, Sədrin “Sairun” İttifaqı, keçmiş baş nazir Heydır əl-İbadinin “Nəsr” koalisiyası və digərlərindən ibarət Parlament Müxalifət Cəbhəsinin yaranıb. Müxalifət Cəbhəsi oktyabrın 2-də nümayişçilərin tələblərinə tam rəğbətini ifadə edən bəyanat yayıb, parlamenti xüsusi iclas çağırmağa çağırıb, baş naziri məsələni müzakirə etməyə dəvət edib və həll yolu tapıb hökuməti onları həyata keçirməyə çağırıb.
Şiruq Abayaçi deyib: “Etirazların əsas səbəbi İraq xalqının ümidsiz durumu və Əbdülmehdi hökumətinin hər hansı bir həll təmin edilməsində açıq-aşkar uğursuzluqdur”.
Aksiya iştirakçılarının İrana qarşı şüarlar səsləndirdiyi də məlumdur.
Hazırkı etirazlardan əvvəl ictimaiyyət arasında qəzəbə səbəb olan bir neçə hadisə baş verib. Ötən həftə baş nazir antiterror bürosu komandirinin müavini Əbdülvahab əs-Səadini vəzifəsindən azad edilib. Bir çox etirazçı aksiyalarda Səadinin fotolarını başı üzərində qaldırıb.
Səadinin işdən çıxarılması bir sıra siyasi partiyalarda, o cümlədən Milli Hikmət Hərəkatı, Sədr hərəkatı və Üsamə əl-Nucaifinin İraq Qərar Koalisiyasında narazılığa səbəb olub. Əs-Səadi İraqdakı İran vəkillərinə, o cümlədən XSB-yə tabe olmurdu, odur ki, onun işdən azad edilməsinə İranın müdaxiləsi şübhələri var.
Başqa bir hadisə: İranın Bağdaddakı səfiri İrəc Məscədi keçən həftə “Diclə” kanalına verdiyi verdiyi müsahibədə ABŞ-ın İraqdan İranı təhdid edəcəyi təqdirdə, İranın ABŞ-ı hədəf alacağını söyləyib. İraqlılar bunu Tehranın İraq məsələlərinə açıq müdaxiləsi kimi qəbul ediblər.
Bu həftənin əvvəlində İraq diplomatik heyəti üzvlərinin Məşhəd şəhərində həbs edilməsi də iraqlıları qəzəbləndirib və Xarici İşlər Nazirliyi şəhərdəki İraq konsulluğunu bağlayıb.
“Əl-Monitor” Ayətullah Sistaniyə yaxın bir mənbədən öyrənib ki, Sistaninin oğlu Məhəmməd Rza Sistani ilə İranın “Qüds” Qüvvələrinin komandiri Qasim Süleymani arasında görüş olub. Məhəmməd Rza xəbərdar edib ki, İranla əlaqənin bu sayaq davam edəcəyi təqdirdə, İraq küçələrində etirazlar kükrəyəcək və onlar etirazçıların tərəfini tutacaqlar.
Belə bir şəraitdə Əbdülmehdi hökuməti küçələri sakitləşdirmək üçün istefa etmək məcburiyyətində qalacaq.
Tərcümə: Strateq.az