Estoniya prezidenti Finlandiya baş nazirinə üzrxahlıq edib
16-12-2019, 19:43
Estoniya prezidenti Kersti Kalyulaid finlandiyalı həmkarı Sauli Niinistöyə zəng vuraraq ötən gün Estoniya daxili işlər naziri Mart Helmenin qonşu ölkənin yeni hökümətilə bağlı verdiyi şərhə görə üzrxahlıq edib.
YLE xəbər verir ki, Prezident Administrasiyası bu üzrxahlığı baş nazir Sanna Marinə çatdıracaqlarını bildirib.
Sağçı populist Mühafizəkar Xalq Partiyasının lideri olan M.Helme dünən TRE özəl radio kanalına müsahibəsində qonşu ölkənin yeni hökumətinin başçısı və üzvləri barədə belə danışıb: "Hazırda bir satıcı qızın baş nazir olduğunu, habelə bir yığın küçə fəalı və bisavad adamın da hökumət üzvünə çevrildiyini görə bilirik”.
Estoniyalı nazir həmçinin tarixi hadisələrlə də paralel aparıb: "Bu gün biz, əslində, qırmızılarla ağların müəyyən dərəcədə tarixi qisasını da görə bilirik, yəni vətəndaş müharibəsi dövründə fin dövlətini yox etmək istəmiş qırmızılar indi iqtidara gəlib Finlandiyanı yox etmək, onu Avropanın əyalətinə döndərmək məcrasında ümidsiz cəhdlər göstərirlər”.
M.Halme həmçinin "Finlandiyada baş verən bu anlaşılmaz hadisələrin çox güman ki, yüzillər ərzində misli görünməyib” şəklində fikir bildirib.
Estoniyanın baş naziri Yüri Ratas dost və müttəfiq Finlandiya ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələrində olduqlarını, xarici işlər naziri Urmas Reinsalu isə sözügedən şərhi "yersiz” deyə səciyyələndirib.
Sosial Demokrat Partiyasının 34 yaşlı sədri Sanna Marin həmçinin Mərkəz Partiyası, Yaşıllar Partiyası, Solçu Alyans, İsveç Xalqının Partiyasından ibarət beş üzvlük hökumət koalisiyasının başçısı olaraq dekabr 10-dan iqtidara gələrək təkcə ölkəsinin yox, dünyanın da ən gənc baş naziridir.