“The Times” Britaniya ilə İranı üz-üzə qoydu

7-01-2020, 23:00           
“The Times” Britaniya ilə İranı üz-üzə qoydu
“Biz britaniyalı hərbçiləri də öldürəcəyik”, iddiası aranı qarışdırdı
İranın İngiltərədəki səfiri Həmid Bəiidinejad yerli “The Times” qəzetinin ön səhifəsində getmiş headlined “We will kill UK troops, warns Iran” (Biz Birləşmiş Krallığın hərbçilərini öldürəcəyik, İran xəbərdarlıq edir) məqaləsini “təxribat” adlandırıb. Bu məsələ ilə bağlı İranın əksər agentlikləri, o cümlədən “ISNA” xəbər yayıb. Britaniya mətbuatı da İran səfirinin bu məsələyə münasibətini gündəmə daşıyıb.
“The Guardian” qəzeti bu məsələyə xüsusi diqqət ayırıb. Adıçəkilən qəzetdə gedən məqalənin xülasəsin təqdim edirik.
Səfir bildirib ki, bu yazı ilə bağlı “The Times” qəzetinə rəsmi şikayət məktubu göndərəcək: "Bu gün “Times” tərəfindən verilən yalan və təxribatçı xəbərləri qəti şəkildə qınayıram”.
Həmid Bəiidinejad “Twitter”də yazır: "Mən Böyük Britaniyanın müvafiq hakimiyyət orqanlarından xahiş edirəm ki, son dərəcə həssas olan bir vaxtda belə zərərli yalan təbliğatın dayandırılması üçün çevik addımlar atsınlar".
“The Guardian” yazır ki, Londondakı İran səfirliyi tez-tez Britaniya mətbuatında İran əleyhinə qərəzli yazıların hazırlanmasından gileylənsə də rəsmi şikayətdə bulunmayıb. Bu baxımdan “The Times”ın rəsmi şikayətlə hədələnməsi nadir hadisə kimi dəyərləndirilə bilər.
İran tərəfi bildirir ki, rəsmi Tehran Avropa ölkələrini ABŞ ilə eyni kateqoriyaya aid etmir.
“The Times” məqaləsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Birliyini təmsil edən yüksək çinli komandirinə istinadən yazıb ki, Böyük Britaniya qoşunları da ABŞ ordusuna hücumlar zamanı xəsarət ala bilər: “Bizim qoşunlar Yaxın Şərqdə olan ABŞ qoşunlarından intiqam alacaq, əlbəttə, bu vaxt biz Amerikanın mütəfiqlərinin təhlükəsizliyini düşünməyəcəyik. O cümlədən, Böyük Britaniya hərbçiləri də dəhşətli savaş zamanı itkilərlə (ziyanla) üzləşə bilər”.
Ancaq “The Times” bu acıqlamanı verən yüksək çinli məmurun kimliyini qeyd etmir. Adı çəkilməyən komandir deyib ki, Böyük Britaniya və digər NATO müttəfiqləri Donald Trampın yanında yer almamalıdır.
Britaniya hökuməti bildirir ki, Qasım Süleymaniyə edilən hücumla bağlı əvvəlcədən məlumatı olmayıb. Baş nazir Boris Conson Qasım Süleymaninin qətlini nə təqdir edib, nə də pisləyib. Yalnız onu söyləyib ki, o, Qasım Süleymaniyə görə göz yaşı axıtmayıb.
Qəzet xatırladır ki, ABŞ dövlət katibi Mayk Pompeo Böyük Britaniya, Almaniya və Fransanın Qasım Süleymani olayına görə Amerikaya gözlənilən dəstəyi verməməsindən məyus olduğunu bildirmişdi.
Məqalənin sonunda qeyd olunur ki, “Hizbullah” lideri Həsən Nəsrullah da bazar günü Amerika vətəndaşları ilə ABŞ hərbçiləri arasında ciddi fərq olduğunu vurğulayıb: "Çox aydın və birmənalı demək istəyirəm, biz hücumdan danışanda Amerika xalqını nəzərdə tutmuruq. Bütün bölgədə Amerika vətəndaşları var - tacirlər, jurnalistlər, mühəndislər və həkimlər. Onlara toxunmaq olmaz ... ABŞ vətəndaşlarına hər hansı bir zərər dəysə bu, yalnız Trampın mövqeyinin güclənməsinə xidmət edəcək”.
https://www.theguardian.com/world/2020/jan/06/iranian-ambassador-hits-out-provocative-times-article-uk

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.