Tiflis yenə qarışdı - deputat nələr danışdı...
6-02-2020, 08:52
Gürcüstan parlamenti qarşısında aksiyalar bərpa edilib; Mahir Dərziyev: “Müxalifət hay-küy salır, zurna-balaban çalır...”
Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir. “Yeni Müsavat” xəbər verir ki, aksiyada müxalifət partiyalarının nümayəndələri və ictimai fəallar iştirak edirlər.
Meydana toplaşanlar etiraz aksiyası çərçivəsində parlament çoxluğunun üzvü olan deputatlar üçün “utanc dəhlizi” də yaratmağı planlaşdırırlar.
Etirazçılar parlamentin binası qarşısındakı hasara Kremlin fotosunun olduğu baner asıblar.
Onların sözlərinə görə, hakim Gürcü Arzusu Partiyasının sədri Bdzina İvanişvili Rusiyanın maraqlarına uyğun siyasət aparır. Aksiyanın əsas tələbi ölkədə ədalətli seçki sisteminin yaradılmasıdır.
Müxalifət liderləri parlament yaxınlığında etiraz aksiyalarının qanunverici orqanın iclasları ilə paralel davamlı olaraq keçiriləcəyini bildiriblər.
Gürcüstan parlamentinin yaz sessiyası başlayıb. Müxalif Vahid Milli Birlik Hərəkatı (Saakaşvilinin təşkilatı - E.S) və Avropalı Gürcüstan partiyaları qanunverici orqanın iclaslarını boykot edib.
Qanunverici orqanın qarşısındakı ərazi yanvarın 22-dən etibarən təmir-bərpa işləri üçün dəmir konstruksiya ilə əhatəyə alınıb.
Hakim partiyanın azərbaycanlı deputatı Mahir Dərziyev “Yeni Müsavat”a bildirdi ki, müxalifətin aksiyalar keçirməyə səbəbi yoxdur:
“Sadəcə, tələbləri var ki, seçki sistemi dəyişdirilsin. Elan ediblər ki, aksiyalar davam edəcək. Yalnız bir evdə yanğın oldu, 4 azyaşlı körpə həyatını itirdi. Müxalifət buna görə bir günlük aksiyanı təxirə saldı.
Hətta tələb edirdilər ki, parlament iclası da olmasın. Amma Gürcüstan parlamentində yaz sessiyası başlayıb. Artıq sessiyanın ikinci günüdür və konstitusiyanı pozmaq olmaz.
Müxalifət hay-küy salır, zurna-balaban çalır. Onlar gürcü xalqının dəstəyini ala bilmirlər. İqtidarda olduqları neçə il ərzində apardıqları siyasət xalqın yaddaşındadır.
Ona görə ölkədə sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmağa çalışırlar".
İqtidar deputatı qeyd etdi ki, parlament sədri Amerikaya səfər edib: “Səfər çəçivəsində müttəfiqlərimizi maraqlandıran məsələlər və seçki sistemi də müzakirə olunacaq.
Lakin müxalifət parlamentin iclaslarında iştirak etmir. Halbuki demokratiyada problemlər küçədə yox, parlamentdə həll olunur".
M.Dərziyev müxalifətin hakimiyyəti ruspərəstlikdə ittiham etməsinə də münasibət bildirdi: “Körpə uşaq da bilir ki, yalandır. Sadəcə, iqtidar Rusiya ilə praqmatik siyasət aparır. Müxalifət siyasi xal qazanmaq üçün vaxtaşırı banerlərə müraciət edir".
Politoloq Ramiyə Məmmədovanın qəzetimizə dediyinə görə, Tiflisdə baş qaldıran etirazlar bir neçə ay əvvəlki prosesin davamıdır. Onun fikrincə, gürcü müxalifəti proporsional seçki sistemi tələb edir:
“Gürcüstan hakimiyyəti 2024-cü ildə bu sistemə keçəcəyinə qərar verib. Builki parlament seçkiləri qarışıq olacaq, yəni həm majoritar, həm proporsional seçki sistemindən istifadə ediləcək”.
Ekspert hesab edir ki, hazırkı iqtidarın Moskva ilə münasibətləri qorumağa çalışması qərbpərəst müxalifətin əlinə arqument verir:
“Bu seçkilər çox ağır keçəcək. Müxalifətin parlamentdə təmsilçiliyi sayca arta bilər. Lakin proseslərin gedişi göstərir ki, İvanaşvili hakimiyyətinin ömrünə son qoyulması üçün lazımi güc yoxdur.
Etirazçıların əksəriyyətini gənclik təşkil edir. Saakaşvili tərəfdarları da qoşulurlar. Ancaq mübarizə hansı qüvvənin iqtidarda olması uğrunda yox, seçki sisteminin dəyişdirilməsi üstündə gedir.
Gürcü xalqını indi problemlərini həll etmək maraqlandırır. Ölkənin sosial-iqtisadi çətinlikləri var, durğunluqdur, əhalinin gəlirləri azdır. Yəni siyasi tələbləri sosial tələblər üstələyir. Ona görə aksiyalara obıvatel qatılmır".
Son xəbərə görə, parlament binasının yaxınlığında etiraz aksiyasında gərginlik yaranıb. Etirazçılar qanunverici orqanın dəmir qapısına qıfıl bağlamağa cəhd ediblər.
Polis əməkdaşları buna imkan verməyərək qıfıl asmağa cəhd edən şəxsləri qapının qarşısından uzaqlaşdırıb. Nəticədə tərəflər arasında qarşıdurma baş verib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”