Məşhur firmanın tikdiyi 200 avroluq maskaların hamısı satıldı
1-03-2020, 00:02
Şirkətdən bildiriblər ki, maskaları koronavirus təhlükəsi ilə bağlı alsalar da, onlar virusdan heç qorumurlar
Onlayn ticarət saytlarından biri "Fendi"dən dəbli tibbi maskanı 190 avroya satışa çıxarıb.
Sputnik Azərbaycan xəbər verir ki, Open xəbər portalının məlumatına görə, bu məhsul artıq alınıb.
Şirkətdən izah ediblər ki, 100% ipəkdən hazırlanmış belə maska bir neçə il ərzində satışda imiş. "Bu tozdan qorunmaq üçün xüsusən Asiyada çox dəbli predmetdir. İndi onları koronavirus təhlükəsi ilə bağlı alırlar, lakin onlar virusdan qorumurlar", - "Fendi"nin nümayəndələri deyiblər. Buna baxmayaraq, əhalinin arasındakı təşviş bu məhsulun çox baha qiymətlə satılmasının qarşısını ala bilməyib. İstehlakçı assosiasiyasından bildirildiyinə görə, tibbi maskalara tələbat bir həftə ərzində 400% artıb. Bununla bağlı qiymət də artaraq apteklərdə 2, "əldə" isə 10 avro olub. Bəzi internet dükanlarda artan defisit fonunda maskaların qiyməti 70 dollara çatıb. İtaliya prokurorluğu bazarda spekulyativ hərəkətlər faktına görə təhqiqata başlayıb. Belə ki, Amazon və eBay-ın İtaliyadakı nümayəndəliklərində axtarışlar aparıblar.
Roma apteklərində bu məhsul bir neçə gün əvvəl yoxa çıxıb, lakin küçələrdə maska taxanlar tək-tük adamlar asiyalı görünüşlü turistlərdir. İtaliyalı mütəxəssislər iddia edirlər ki, maskanı yalnız koronavirusa yoluxanlar deyil, həmçinin tibbi heyət də taxmalıdır.
Bu maskalar həmçinin media təbliğatının vasitəsinə çevrilib. Belə ki, Lombardiya vilayətinin qubernatoru Attilio Fontana özünün Facebook səhifəsində efirdə bu maska ilə görünüb. Hadisə Fontananın köməkçilərindən birində koronavirus aşkarlandıqdan sonra baş verib.
Ölkənin şimalındakı Lombardiyanın Lodi şəhəri (Milan yaxınlığında) koronavirusa yoluxma halı fevralın 21-də qeydə alınıb. Sonra yoluxma halları digər şimal vilayətlərində - Veneto, Pyemonte və Emiliya-Romanyada qeydə alınıb. Yoluxanların sayı artmaqdadır. Daha 12 vilayətdə də yoluxma halı mövcuddur. Lombardiyada on, Venetoda isə bir şəhər tam olaraq təcrid olunub. Bir sıra bölgələrdə məhdudlaşdırıcı tədbirlər görülüb, bu tədbirlər məktəblər, ictimai yerlər, mədəniyyət müəssisələri, əyləncə ocaqlarına tətbiq edilib. Bir sıra şirkətlər işçilərini məsafədən iş rejiminə keçiriblər.
Son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların sayı 650 nəfərdir, 17 nəfər isə bu virusdan vəfat edib.