Klan Ermənistanı müharibəyə sürükləyir - Paşinyana qarşı güc mərkəzi
4-02-2021, 14:00

Ermənistan parlamentinin binası qarşısında “Vətənin Xilası Uğrunda” müxalifət hərəkatının mitinqi keçirilib.
Aksiya iştirakçıları Məhkəmə Məcəlləsinə dəyişikliklər layihəsi ilə bağlı Milli Məclisin fövqəladə iclasının keçirilməsinə etirazını bildirib. Lakin çox keçmədən mitinqdə siyasi şüarlar səsləndirilib.
İştirakçılar Baş nazir Nikol Paşinyanı "satqın" adlandırıb və onun istefasını tələb edib. Nəticədə, etirazçılarla polis arasında qarşıdurma baş verib. Polis bir sıra mitinq iştirakçılarını saxlayıb. Onlar polisə müqavimət göstərməkdə ittiham olunur.
Sözügedən aksiya müxalifətin Paşinyan hökumətinə qarşı yenidən siyasi revanş götürmək cəhdindən xəbər verir. Ötən ilin noyabr ayının 10-da Paşinyanın kapitulyasiya sənədini imzalamasından sonra 17 müxalifət partiyası Vazgen Manukyanın liderliyi ilə "Vətənin Xilası Uğrunda" Hərəkatını yaratsa da, Baş nazirin istefasına nail ola bilmədi. Son günlər müxalifət "Qarabağ klanı"nın dəstəyindən istifadə etməklə növbəti mərhələyə siyasi təkan verməyə çalışır.
Müxalifətin birgə iclasında eks-prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın iştirak etməsi müxalifətin Paşinyana qarşı alternativ güc mərkəzi yaratmaq cəhdlərini göstərir. Görüşün müxalifətdən baş nazir postuna vahid namizəd Vazgen Manukyanın ofisində keçirildiyi boldirilir. Müzakirələrdə Manukyanla yanaşı, Vətən Partiyasının sədri Artur Vanetsyan, Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Sarukyan və “Daşnaksutyun”un ali orqanının nümayəndəsi İşxan Saqatelyan da iştirak ediblər.
Manukyan özü isə bu məlumatı təsdiqləməyib, lakin təkzib də etməyib. O qeyd edib ki, bu cür görüşlər vaxtaşırı keçirilir və indi heç bir detalı təqdim etmək istəmir. Müxalifətin Köçəryan və Sarkisyanın iştirakı ilə keçirdiyi qapalı görüşlər fonunda İrəvanda etirazların yenidən başlaması, həmçinin Qazax rayonu istiqamətində atəşkəsin pozulması "Qarabağ klanı"nın siyasi təxribatı kimi dəyərləndirilir.
Qeyd edək ki, Ermənistan ordusunda bir qayda olaraq, Köçəryan tərəfdarlarının siyasi mövqeyi güclü olub. Dövlət sərhədində baş verən son hadisə Paşinyan hökumətinin Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmək siyasətinin "Qarabağ klanı" tərəfindən alınması cəhdindən xəbər verir. Artıq silahlı qüvvələrin baş qərargah rəisi Ovik Qasparyanla da Nikol Paşinyanın münasibətləri pozulub. Ona görə də yaxın perspektivdə siyasi gərginliyin yenidən artacağı proqnozlaşdırılır.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistan müxalifəti, o cümlədən Qarabağ klanının əsas məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli öhdıliklərin qarşısını almaq, Paşinyan hökumətinin fəaliyyətinə maneə yaratmaqdır:
“Qazax rayonu ilə sərhəddə atəşkəsin pozulmasında biz "Qarabağ klanı"nın dəst-xəttini yenidən müşahidə edirik. Nə qədər ki, Paşinyan ümumi vəziyyətə nisbətən etibarlı şəkildə nəzarət edirdi, bu təxribatlara son qoyulmuşdu. Ancaq indi müxalif qüvvələr "Qarabağ klanı" ilə birləşərək hakimiyyəti devirməyə çalışırlar. Digər bir trend də nəzərə çarpır. Silah-sursat alveri ilə məşğul olan David Qalstyanı həbs ediblər. Məlum olub ki, onun Ermənistan ordusuna verdiyi silahlar, artilleriya qurğuları, mərmilər 1960-1970-ci illərin istehsalıdır.
Bildirilir ki, onun yalançı əməllərinə görə Ermənistan ordusu məğlub olub və bunun da günahkarı guya Paşinyandır. Amma əslində belə deyil. Paşinyan hökumətinə qarşı qarayaxma kampaniyası ona görə aparılır ki, Köçəryanın və Sarkisyanın prezidentliyi dönəmlərində şübhəli iş adamlarının törətdiyi cinayətlərin üstün örtülsün. Çünki Köçəryanın və Sarkisyanın ətrafı, ailə üzvləri Qalsyan kimi adamlarla işbirliyində idilər, çirkli pulların yuyulması ilə məəşğul olurdular. Onlar özlərinə elə bir inam formalaşdırmışdılar ki, guya Azərbaycan acizdir və Ermənistana heç nə edə bilməz. Bununla da Qalstyanın əli ilə Rusiyadan keyfiyyətsiz silahları alır, dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyirdilər. Ona görə də bütün bu cinayətlərin məsuliyyətini Paşinyanın üzərinə yıxmaq onu günahkar çıxartmaq, həm də ondan əvvəl törədilmiş qara işləri bağlamaq məqsədi daşıyır. Köçəryan-Sarkisyan klanının yenidən əks hücuma keçməsi də bununla bağlıdır. Paşinyanın hakimiyyətini qoruyub saxlamaq imkanı var.
Çünki ictimai fikirdə əksəriyyət Köçəryan-Sarkisyan birliyini qəbul etmir. Çünki onların prezidentliyi dövründə Ermənistanda korrupsya geniş şəkildə tətbiq olunurdu. Eyni zamanda, onların özləri, ailə üzvləri dövlət vəsaitlərini mənimsədi, xaricdə şirkətlər yaratdılar. Ölkədən pulların xaricə çıxmasını təmin edirdilər. Ona görə də Paşinyan haqlı olaraq bəyan edir ki, bu qara işlərin mənbəyi o dövrdə qoyulub. Paşinyan istəsə də 2,5 il ərzində o qədər silahı ölkəyə gətirə bilməzdi. Həmin o zəncirvari korrupsiya sisteminin üzvləri də köhnə "Qarabağ klanı"nın üzvləridir. Hesab edirəm ki, bu gərginlik Ermənistanda uzun çəkəcək. Paşinyan hakimiyyətin yenidən formalaşması üçün yenidən seçki keçirilməsini təklif edir.
Lakin onunla razılaşmırlar. Çünki onlara seçki yox, çevriliş lazımdır. Çünki bilirlər ki, seçki keçirilsə, Paşinyan yenə də qalib gələcək. Xalq "Qarabağ klanı"nın üzvlərini məhkum edib və onları birmənalı şəkildə qəbul etmir. İndi "Qarabağ klanı"nın öncülləri çalışırlar ki, tələskənliyə yol verməsinlər. Ona görə də bu proses uzunmüddətli böhrana çevriləcək. Mən bu qarşıdurmanın Vətəndaş müharibəsinə çevriləcəyini istisna etmirəm. Özünü müxalifət adlandıran qüvvələr siyasi etikadan uzaqdır.
Bu səbəbdən də seçki sistemini inkar edirlər. Azərbaycan da gərək bu prosesləri diqqətlə izləsin və hər bir təxribatın qarşısını yerində alsın” . Ekspert bildirdi ki, Köçəryanın və Sarkisyanın müxalifətə qoşulması anti-iqtidar qüvvələrə hipotetik şəkildə uğur gətirə bilər. Çünki müxalifətin ciddi sosial bazası yoxdur. Lakin "Qarabağ klanı"nın imici Ermənistanda mənfi olduğundan siyasi uğur qazanacaqları inandırıcı görünmür.