Avropada "qanuni oğrular"a qarşı genişmiqyaslı həbslər başlandı
11-02-2021, 09:54

Avropanın bir sıra hüquq-mühafizə orqanları burada fəaliyyət göstərən gürcü “qanuni oğruları”nın rəhbərlik etdiyi cinayətkar qruplara basqın edib. Bir neçə əyalətdə misli görünməmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində polis soyğunçuluq, qanunsuz ticarət və çirkli pulların yuyulması ilə məşğul olan Gürcüstandan olan 45 immiqrantı saxlayıb.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis İdarəsi rəhbərinin müavini İrakli Dondoladze məlumat yayıb.
İtaliya, Fransa, Polşa, Yunanıstan, Belçika və Sloveniyada məskunlaşan “qanuni oğrular”la bağlı əməliyyat altı ay çəkib.
İtaliyada hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstandakı xüsusi əməliyyatı “Kanonieri Kurdi” (“qanuni oğru”) adlandırıblar. Yalnız İtaliyanın Reggio Emilia şəhərində 23 şübhəli nəzarətə alınıb.
Fransada polis basqını “Bratva-35” adlandırılıb: Roche-sur-Yon, Noir, Angers, Bordo və Rennes şəhərlərində Gürcüstandan gələn 17 immiqrant tutulub.
Şübhəlilərin qalan hissəsi Polşa, Yunanıstan, Belçika və Sloveniyada saxlanılıb.