Norveçdə ölkəyə giriş məhdudiyyətləri fevralın sonuna qədər saxlanacaq
12-02-2021, 00:57

Norveç hakimiyyəti ölkəyə əcnəbilərin girişini fevral ayının sonuna qədər məhdudlaşdırıb.
Fevralın 10-da Norveç hökuməti ölkəyə giriş üçün bundan əvvəl təqdim edilmiş sərt məhdudiyyətlərin müddətini ayının sonuna qədər uzadıb.
Mətbuata açıqlamada, ölkə səlahiyyətliləri qərarlarını koronavirus pandemiyasının getdikcə daha sürətli templərlə yayılan yeni mutasiyaya uğramış virus ştammlarının ortaya çıxması səbəbi üzündən daha təhlükəli hala gəlməsi ilə izah ediblər.
“Bütün bunlar əvvəlki rejimə qayıda bilməyəcəyimiz deməkdir”, – deyə ölkənin ədliyyə naziri Monika Muland bildirib. Onun sözlərinə görə, Avropadakı infeksiya ilə əlaqədar vəziyyət, əcnəbilərin Norveçə səfərləri məhdudlaşdırılmalı olduğunu və mövcud giriş məhdudiyyətlərinin uzadılması ehtimalı ilə ilkin olaraq fevral ayının 28-ə qədər qalacağını göstərir.
Xatırladaq ki, hökumətin qərarı ilə yanvar ayının 29-dan etibarən Norveçə giriş yalnız giriş zərurətini təsdiqləyən dəlillər təqdim edən şəxslərə verilir və digər hallarda sərhədlər bütün əcnəbilər üçün bağlıdır. Norveç hökumətinin rəsmi veb-saytında əcnəbilərin ölkəyə girişinə icazə verən səbəb və peşələrin siyahısı yerləşdirilib(azərtac).