Ayətullah Xameneinin Putinə məktubunun detalları açıqlandı
12-02-2021, 10:14

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Məşvərət Şurasının sədrinin beynəlxalq məsələlər üzrə xüsusi müavini Hüseyn Əmir Abdullahiyan İslam İnqilabı rəhbərinin Rusiya Prezidenti Vladimir Putinə yazdığı strateji məktubun bəzi təfərrüatlarını bölüşüb.
"Khamenei.ir" veb saytına danışan Əmir Abdullahiyan Ayətullah Seyid Əli Xameneinin Putinə məktubuna işarə edərək, bəzi açıqlamalar verib.
Abdullahiyan İslam İnqilabı rəhbərinin beynəlxalq aləmdə çəkdiyi xəritələrin yeni qlobal nizamın formalaşmasında yeni fikirlər olaraq izlənildiyini qeyd edib. Ayətullah Xameneinin xarici siyasətdə balanslı şəkildə fəaliyyət göstərilməsini, yəni "Şərqə yox, Qərbə yox" siyasəti çərçivəsində həm müstəqilliyi, həm də dünyadakı hər kəslə xarici əlaqələri qorumaq lazım olduğunu vurğuladığı bildirilib.
21-ci əsrin, şübhəsiz ki, Asiya əsri olacağına diqqət çəkən Abdullahiyan İslam Məşvərət Şurası sədri Məhəmməd Baqir Qalibafın Rusiyaya səfərinin "yeni kirayəçilərin" Ağ Evə girdiyi bir vaxtda reallaşdığını söyləyib. Həmçinin bu səfərin İranın müttəfiqlərinə İran İslam Respublikasının nüvə sazişi barədə Ağ Evin oyununu artıq gözləməyəcəkləri mesajını göndərdiyini vurğulayıb.
Abdullahiyan İslam İnqilabı rəhbərinin Putinə göndərdiyi mesajda iki ölkənin davamlı və strateji əlaqələrinin möhkəmləndirilməsi üçün yeni beynəlxalq münasibətlər baxımından ruslar üçün vacib və diqqətə layiq məsələlərin yer aldığını əlavə edib.