Kadırovdan Baydenə çağırış - "Adam ol, Putinlə görüş!"
20-03-2021, 10:56

Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov ABŞ prezidenti Co Baydeni Vladimir Putinlə əlaqəyə keçməyə çağırıb.
Sfera.az xəbər verir ki, o, bu barədə "Telegram" hesabında verdiyi açıqlamada bildirib.
Çeçenistan lideri ABŞ prezidenti Co Baydenin açıqlamasından sonra Vladimir Putin tərəfindən görüş təklifi səbəbindən əhvalının pozulduğunu qeyd edərək, bunu "rəzil mənzərə" adlandırıb.
R. Kadırov, "Adam ol, Co Bayden! Sözlərinin məsuliyyətini götür və özünü alçaltma. Rusiya dövlət başçısının təklifini qəbul et. Deyəcək bir şeyin varsa, danış və düşüncələrini söylə", - deyə qeyd edib. ABŞ prezidentinə görüşdən qaçmamaq təklifini edən R. Kadırov iki dövlət arasında əlaqələrin onsuz da gərgin olduğunu diqqətə çatdıraraq Putinlə dialoqdan başqa alternativin olmadığını sözlərinə əlavə edib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden martın 17-də Vladimir Putini qatil adlandıraraq Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsinə görə hesab verəcəyini söyləyib. Vladimir Putin isə buna qarşılıq olaraq, "Başqa bir ölkəni, dövləti, xalqı və ya insanları qiymətləndirmək güzgüyə baxmaq kimidir. Orada həmişə özümüzü görürük", - deyə bildirərək Co Baydenə canlı yayımla görüşməyi təklif edib.