Pentaqon sərhədlərə addım-addım yaxınlaşır? - Qarşıdurma meydanı dəyişir

16-10-2021, 09:26           
Pentaqon sərhədlərə addım-addım yaxınlaşır? -
Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər. ABŞ-ın “Politico” nəşri belə yazıb.

Bildirilir ki, burada söhbət antiterror qüvvələrindən gedir. Məlumata görə, Pentaqonun nümayəndə heyəti məsələ ilə bağlı danışıqların növbəti raundunda iştirak etmək üçün bu ay ərzində Özbəkistana səfər edəcək. Səfər çərçivəsində ölkə rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Pentaqon xeyli müddətdir Mərkəzi Asiya ölkələrində hərbi qüvvələrinin yerləşdirilməsi istiqamətində Tacikistan, Qırğızıstan və Özbəkistanla danışıqlar aparır. ABŞ Müdafiə Nazirliyinin bu ölkələrdəki keçmiş Sovet hərbi bazalarından istifadə etmək istədiyi bildirilir.

Pentaqon hələ bu ilin aprel ayında Əfqanstandan çıxarılacaq qoşunların bir hissəsini Mərkəzi Asiyada yerləşdirmək istədiyini bəyan edib. ABŞ bu planını Əfqanıstandan terror təhlükəsinin artacağı təqdirdə bu ölkəyə yaxın məsafədən operativ müdaxilə imkanını saxlamaq məqsədilə izah edir.Həmin vaxt, əsasən Tacikistanla və Özbəkistanla danışıqların aparıldığı bildirilirdi. Lakin Özbəkistanın Müdafiə Nazirliyi may ayında rəsmi Daşkəndin buna razılıq verməyəcəyini açıqladı.

“Özbəkistan müdafiə siyasəti ölkənin silahlı qüvvələrinin sülhməramlı əməliyyatlara və xaricdəki hərbi münaqişələrə qatılmamaq prinsipinə söykənir”,-nazirlikdən verilən açıqlamada belə deyilirdi.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabr terror aktından sonra Mərkəzi Asiyada ABŞ-ın ilk hərbi bazası Özbəkistanda yerləşdirilib. Lakin 2005-ci ildə Əndicanda dinc nümayişin gülləbaran edilməsi ilə əlaqədar Vaşinqtonun Özbəkistana sanksiyalar tətbiq etməsinə cavab olaraq Prezident İslam Kərimov amerikalıların Xanabaddakı hərbi bazasını ölkədən çıxartdı. Əfqanıstanla həmsərhəd olan Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğundan Rusiyanın təzyiqi nəticəsində ABŞ-ın təklifini qəbul etmədi. Üstəlik, KTMT-yə üzv olan ölkələrin dövlət başçılarının avqust ayında Düşənbədə keçirilən sammitində ABŞ qoşunlarının öz ərazisində yerləşdirməmək barədə qərar qəbul olundu.

Bununla da Kerml ABŞ silahlı qüvvələrinin Rusiyanın hərbi və geosiyasi təsir dairəsində olan Mərkəzi Asiyaya daxil olmasının qarşısını almaq üçün ciddi addım atdı. Lakin Özbəkistanın KTMT-nin üzvü olmaması görünür, ABŞ üçün cəlbedici olub. Yəni rəsmi Daşkənd ABŞ hərbi bazasının Özbəkistanda yerləşməməsinə dair heç bir öhdəliyə malik deyil. Bu da Prezident Şövkət Mirziyoyevə əlavə manevr imkanları açır. Yəni Özbəkistan Pentaqonun təklifinə müsbət cavab da verə bilər. Prezident Mirziyoyevin 2018-ci ilin may ayında Ağ Evə səfəri zamanı ABŞ-la Özbəkistan arasında hərbi əməkdaşlığa dair saziş də imzalanıb. Bu sənəd ABŞ və NATO qüvvələrinə məxsus hərbi yüklərin Özbəkitsan ərazisindən hava və dəmir yolu ilə Əfqanıstana daşınmasını nəzərdə tutur.

Ancaq ABŞ hərbi kontingentinin Özbəkistana daxil olmasından istifadə edən Rusiya bunu bitərəflik prinsipinin pozulması kimi dəyərləndirərək KTMT-yə daxil olmaq üçün Daşkəndə təzyiqləri artıra bilər. Özbəkistan balanslaşdırılımış xarici siyasət yürütdüyünü əsas gətirərək Fərqanə vadisində hərbi baza yerləşdirməyi hədəfləyən Rusiyanın təkliflərindən yayınır.

Bu ilin iyul ayında Özbəkistan hakimiyyəti KTMT Parlamentlərarası Müşahidə Şurasının üzvü olmaqdan imtina edib. ABŞ silahlı qüvvələrinin ölkə ərazisində yerləşdirilməsi Özbəkistanı ABŞ-la Rusiya və Çin arasında geosiyasi qarşıdurma meydanına çevirə bilər. Yəni bu, Özbəkistan üçün strateji təhlükəsizlik məsələsidir. Ona görə də Daşkəndin ABŞ-la razılaşma əldə etməsi çətin görünür. Belə bir anlaşma yalnız Rusiyanın maraqlarına toxunmayacaq və ya Vaşinqtonun Moskva ilə razılaşdırdığı məhdud şərtlər daxilində mümkündür.
Üstəlik, Özbəkistan ABŞ hərbi bazalarını Əfqanıstanla münasibətlərinə zərər verməyəcəyi təqdirdə, ölkəyə buraxa bilər.

Ekspertlərin fikrincə, Mirziyoyev hakimiyyəti “Taliban”a münasibətdə iqtisadi maraqlara üstünlük verir. Belə ki, Əfqanıstanla iqtisadi əlaqələrini və regional layihələrdə iştirakını davam etdirmək üçün rəsmi Daşkənd “Taliban”la qarşıdurmaya getmək istəmir. İqtisadi maraqlardan əlavə, Əfqanıstan Özbəkistana cənubdan dünya bazarına çıxış imkanı yaratdığı üçün strateji əhəmiyyət daşıyır. Özbəkistan son 15 ildə onu Əfqanıstanla birləşdirən infrastruktur layihələrinə xeyli vəsait yatırıb. Bir sıra layihələr hələ başa çatmayıb və ya hələ başlamayıb. Lakin bunlardan ikisi-dəmir yolu və yeni elektrik xətti Özbəkistan üçün daha əhəmiyyətlidir. Özbəkistan dəmir yolu ilə Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərinə bağlanır.

Çin artıq bu marşrutla Əfqanıstana mal göndərib. NATO Avropa ilə Əfqanıstan arasında mal daşımaq üçün Özbəkistan dəmir yolundan istifadə edib. İyul ayından bəri Prezident Mirziyoyev Pakistanın Baş naziri İmran Xanla iki dəfə görüşüb və bu danışıqlarda Məzari-Şərifdən Kabilə və oradan Peşəvərə qədər dəmir yolu xəttinin çəkilməsi müzakirə olunub. Bu filial Özbəkistanı və digər Asiya və Avropa ölkələrini Ərəbistan dənizindəki Pakistan limanları ilə birləşdirəcək. Hər iki istiqamətdə yük daşımalarının artması Özbəkistana tranzit ödənişlərindən əlavə gəlir gətirməklə yanaşı, 2018 -ci ildə Özbəkistan tərəfindən Əfqanıstan sərhədi yaxınlığında Termezdə tikilmiş nəhəng karqo mərkəzinin tikinti xərclərini ödəyə bilər. Bunlar gələcəyə aid layihələrdir.

Özbəkistan hələlik 2001 -ci ildən sonra tikilmiş elektrik xətləri ilə Əfqanıstana enerji ixrac edir. “Taliban” hökumətinin maliyyə çatışmazlığı olduğundan elektrik idxalını ödəyə bilmir. Asiya İnkişaf Bankının məlumatına görə, Əfqanıstanın elektrik enerjisinin 73 faizi idxal olunur. Bunun 57 faizini Özbəkistan təmin edir. Əfqanıstan elektrik enerjisi idxalına hər il təxminən 300 milyon dollar vəsait ödəyir ki, bunun da 171 milyon dolları Özbəkistanın payına düşür. Özbəkistan hazırda Surxondan Kabulun şimalındakı Puli-Xumriyə qədər 500 kilovoltluq elektrik xəttinin 260 kilometrlik hissəsini inşa edir.

Bu da Özbəkistanın Əfqanıstana elektrik ixracını təxminən 70 faiz artıracaq. Yanvar ayının əvvəlində Özbəkistanda bir neçə elektrik stansiyası sıradan çıxanda Kabil qaranlığa qərq olmuşdu. 2019 -cu ilin sentyabr ayında isə “Taliban” yaraqlılarının iki elektrik ötürücü dirəyini məhv etməsi Əfqanıstanın paytaxtında ciddi elektrik çatışmazlığına səbəb olmuşdu. Buna baxmayaraq, Əfqanıstanın elektrik enerjisinə ehtiyacı var və ölkəyə rəhbərlik edən “taliblər” bu tələbatı ödəməyə məcburdur. ABŞ-dakı “The Wall Street Journal” qəzetinin yazdığına görə, Əfqanıstanın dövlət enerji şirkətinin 40 milyon dollardan artıq vəsaiti yoxdur. Bu isə Mərkəzi Asiyadan olan qonşularının Əfqanıstana elektrik təchizatını dayandırmasına səbəb ola bilər.

Oktyabrın 7-də Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilovun Kabilə səfəri zamanı “Taliban” rəsmiləri ilə apardığı müzakirələr zamanı Surxon-Puli-Xumri elektrik xətti və Məzari-Şərif-Kabul-Pişəvər dəmir yolu xətti xüsusi diqqət mərkəzində olub. Müşahidəçilərin fikrincə, Özbəkistan hakimiyyətinin “Taliban”a münasibəti heç də müsbət deyil. Hətta indiyə qədər rəsmi Daşkənd “Taliban”ı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanıdığını bəyan etməyib. Lakin Mirziyoyev iqtidarı Özbəkistanın strateji maraqları naminə “taliblər”lə əməkdaşlıq etməyə üstünlük verir.
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.