Rusiya tanklarını Krımdan çıxarır
16-02-2022, 12:18

Təlimlərdən sonra Krımdan tanklar, piyadaların döyüş maşınları və digər hərbi texnikalar çıxarılmağa başlayıb.
Cebhe. info "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında yazılıb.
Məlumata görə, yarımadanın poliqonlarında keçirilən taktiki təlimlərdə iştirakını başa vuran Cənub Hərbi Dairəsinin bölmələri dəmir yolu ilə daimi dislokasiya məntəqələrinə yürüş edir.
"Həmin bölmənin şəxsi heyəti zirehli texnikaları - tanklar, piyadaların döyüş maşınları və özüyeriyən artilleriya qurğularını yükləmə məntəqələrində dəmir yolu platformalarına yükləyib", - Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, hərbi texnika və hərbçilər hərbi hissələrin daimi dislokasiya məntəqələrinə çatdırılacaq. İdarədən əlavə edilib ki, hərbi hissələrə gəldikdən sonra texnika döyüş hazırlığının növbəti mərhələsinə hazırlanacaq.
Xatırladaq ki, bundan əvvəl Müdafiə Nazirliyi Belarusdakı təlimlərdən sonra hərbçilərin dislokasiya məntəqələrinə qayıtdığını açıqlamışdı.
Departamentin nümayəndəsi İqor Konaşenkov qeyd edib ki, Rusiya hərbi qulluqçuları, o cümlədən demək olar ki, bütün hərbi dairələr, donanmalar və hava-desant qüvvələri bəzi ərazilərdə təlimləri davam etdirir. Hazırda Şərq Hərbi Dairəsinin qoşunları və Hərbi Hava Desantları “Müttəfiq Qətiyyəti-2022” təlimində iştirak edirlər.