İrəvanda dövlət çevrilişinə cəhd: 33 NƏFƏRLİK SİLAHLI DƏSTƏ YAXALANDI
8-04-2016, 14:44
Azərbaycan Ordusunun son hücumları Ermənistanı bir-birinə vurub, Sarkisyan hakimiyyəti səksəkə içindədir
Ermənistanda dövlət çevrilişinə cəhd olub. JAM.AZ xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Nazirliyi dünən məlumat yayıb.
Məlumatda deyilir ki, 33 nəfərdən ibarət dəstə İrəvanda dövlət çevrilişi edərək, parlamenti, dövlət başçısının rezidensiyasını, Konstitusiya Məhkəməsini və İctimai Televiziyanın binalarını ələ keçirəcəkmişlər. Onların əlində həmçinin Ermənistan 147 ictimai-siyasi xadiminin dosyesi olub. Axtarışlar zamanı çevriliş tərəfdarlarının evindən olaydan sonra televiziya vasitəsiylə edəcəkləri müraciətin videoyazısı, xeyli sayda silah-sursat və digər vasitələr tapılıb.
Ermənistan MTN-i yaydığı məlumatda iddia edib ki, çevriliş tərəfdarlarını ötən ilin noyabrında həbs edib. Lakin nə hikmətdirsə, bu barədə məlumatı məhz aprelin 7-də yayıblar. Düşmən ölkədə yayımlanan «Aravot» qəzeti iddia edir ki, İrəvan hökumətini devirmək istəyən silahlı dəstənin mövcudluğu sirr olmaya bilər. Amma hadisənin noyabrda baş verməsi inandırıcı hesab edilmir. Qəzet yazır ki, Sarksiyan hökumətini devirmək üçün silahlanmış dəstə bu yaxınlarda aşkarlanıb. «Qarabağda baş verənlərdən sonra cəmiyyətdə Sarkisyan iqtidarına münasibət daha da pisləşib. Ölkənin içində xeyli sayda narazı adamlar var ki, onlar indiki hakimiyyəti dəyişməyə hazırdır. Görünür, Qarabağda 4 günlük müharibə həmin qüvvələri fəallaşdıraraq, onları silaha sarılmağa vadar edib».
«Aykakan Jamanak» qəzeti isə birmənalı olaraq yazır ki, həqiqətən də İrəvanda dövlət çevrilişə cəhd olub və bunun noyabrda deyil, məhz aprelin əvvəllərində baş verdiyi vurğulanır. Erməni qəzeti yazır ki, Ermənistan MTN-in olayı noyabr ayına sənədləşdirməsi də qəribə olay deyil. «Təbii ki, Sarkisyan hakimiyyəti indiki məqamda belə qalmaqallı məsələnin baş verdiyini etiraf etməz. Qarabağ cəbhəsində vəziyyətin pisləşməsi artıq İrəvana da təsir etməyə başlayıb. Və narazı adamlar birləşərək, silahlı dövlət çevrilişi etməyə belə hazırdırlar. Bu olay da həmin prosesin kiçik bir hissəsidir. Yaxın günlərdə isə Sarkisyan və hakimiyyətini başqa sürprizlər də gözləyə bilər».