Ukrayna prezidenti Rusiyada həbsdə olan Savçenko ilə telefonla danışdı
19-04-2016, 22:01
Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə olan ukraynalı pilot, millət vəkili, “Ukrayna qəhrəmanı” fəxri adına layiq görülmüş Nadejda Savçenko ilə telefonla danışıb.
Bu barədə P. Poroşenko özünün “Facebook” səhifəsində yazıb. “Anası Mariya İvanovna və bacısı Vera ilə birlikdə Nadyadan aclıq aksiyasını dayandırmağı xahiş etdik. Sağ olsun ki, razılaşdı”, - deyə o, qeyd edib.
P. Poroşenko N. Savçenko ilə nəhayət, telefon əlaqəsi yarada bilməsindən çox xoşbəxt olduğunu deyib. O, N. Savçenkoya bütün ölkənin onunla fəxr etdiyini çatdırıb: “Bütün Ukrayna sənin mətinliyin, mərdliyin, vətənpərvərliyinlə fəxr edir. Sən Ukraynanın simvoluna çevrilmisən”.
Prezident həbsdəki pilota onun azad olunması üçün atılan addımlar və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı haqda məlumat verib: “Ukrayna sənin azadlığa buraxılmağın üçün hər şeyi etməyə davam edir”.
N. Savçenkonun aclığı dayandırmasını onun vəkili İlya Novikov da təsdiqləyib.(APA)