ABŞ Konqresinin Nümayəndələr Palatası hücum silahlarının alınması üçün yaş həddinin artırılmasına dair qanun layihəsini qəbul edib
9-06-2022, 10:41
ABŞ Konqresinin Nümayəndələr Palatasında yüksək tutumlu hücum silahlarının alınması üçün minimum yaş həddinin 18-dən 21-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin lehinə səs verilib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi kollektiv şəkildə “Uşaqlarımızı müdafiə edək” aktı kimi tanınan silah satışına nəzarət edən qanunlar paketinin bir hissəsidir. Layihənin qəbul olunmasının lehinə 228 nümayəndə, əleyhinə isə 199 nümayəndə səs verib. Qanunun əleyhinə səs verənlərin əksəriyyəti respublikaçılar olub.
Nyu-York ştatını təmsil edən konqresmen Cerrold Nadler keçən ay Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə 19 uşaq və iki müəllimin ölümü ilə nəticələnən atışmadan bir neçə gün sonra bu qanun layihələrini Nümayəndələr Palatasına təqdim edib. Prezident Co Bayden, Robb İbtidai Məktəbində və Buffalo şəhərindəki ərzaq mağazasında 10 nəfərin ölümü ilə nəticələnən atışmalardan sonra sərt silah qanunlarının qəbul olunmasına siyasi dəstək nümayiş etdirir.
Qanunvericilik paketi müəyyən odlu silahların alınması üçün yaş həddini artırmaqla yanaşı, qanunsuz silah alverinin qarşısını almağı, izlənilməsi mümkün olmayan odlu silahlara olan qadağanı təkmilləşdirilməsini və odlu silahların təhlükəsiz saxlanmasını təşviq edəcək addımları nəzərdə tutur.