Erməni siyasətçidən ilginc açıqlama: - "Sarkisyan Qarabağı satıb, biz hələ də anlamırıq"
3-05-2016, 14:39
"Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyanın "o torpaqlar bizim deyil" açıqlaması təsadüfi deyildi. Bu açıqlama əslində Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə tutduğu mövqeni aşkarlayır. Sarkisyan Qarabağı satıb, biz hələ də anlamırıq".
Ermənistan İrs Partiyasının funksioneri, ölkə parlamentinin deputatı, Dağlıq Qarabağda "dördgünlük müharibə" başa çatandan sonra isterik bəyanatları ilə qalmaqallar yaratmış Zarui Postancyan 1in.am-a verdiyi müsahibəsində belə deyib.
Maraqlıdır ki, Ermənistanda ən populyar kütləvi informasiya vasitələrindən biri olan 1in.am bu müsahibəni rusdilli versiyasında yayımlamayıb, sadəcə, erməni dilindəki əsas versiya ilə "kifayətlənib".
Zarui Postancyanın dediyinə görə, hələ 2013-cü ilin oktyabrın 2-də ATƏT-in sessiyasında çıxış edəndə Ermənistan prezidentinin "iç üzü"nü göstərmişdi: "O çıxışımda demişdim ki, Serj Sarkisyan qumarbazdır və kazinoda 70 milyon avro uduzub. Sualıma cavab verilmədi, əvəzində Ovik Abramyan məni ATƏT-dəki nümayəndə heyətindən kənarlaşdırdı. Serj Sarkisyan indi də siyasi qumarda, diplomatiya kazinosunda Dağlıq Qarabağı uduzub. Parlamentin vitse-spikeri Ermine Nağdalyanın işindən kənarlaşdırılması tələbi ilə Facebook-da yaradılmış qrupdan da xəbərim var. Amma çətin ki, vətəndaşların, ermənilərin tələbi Serj Sarkisyanı gərəkli addımlar atmağa vadar etsin".
Z.Postancyan hesab edir ki, Dağlıq Qarabağın statusu müəyyənləşməmiş, Ermənistan hazırda işğalda saxladığı Azərbaycan rayonlarını azad etməməlidir.
"Yalnız statusla bağlı məsələ həllini tapandan sonra 5 rayonu azad edə bilərik. Əks təqdirdə belə addım mümkün deyil. O rayonlar Dağlıq Qarabağ ətrafındakı bufer zonasıdır", - Z.Postancyan deyib/milli.az/.