Rza Zərrabın rüşvət verdiyi nazirlər: ABŞ-da şok faktlar açıqlandı
26-05-2016, 15:16
Mayamidə həbs olunan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın pul girovu müqabilində azadlığa çıxmaq istəyinin rədd edilməsi səbəbləri məlum olub.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prokuror Prit Bhararanın məhkəməyə təqdim etdiyi sənədlərdə Zərrabın Türkiyədə rüşvət verdiyi yüksək nüfuz sahibi olan dövlət məmurlarının adları qeyd olunub.
Adları rüşvət olayında çəkilən şəxslər Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan və qardaşı Mehmet Şenol Çağlayan, keçmiş daxili işlər naziri Muammer Güllər, Avropa Birliyi üzrə sabiq nazir Egemen Bağış, Xalq Bankın idarə heyyətinin sədri Süleyman Aslandır.
Prokuror Prit Bhararanın təqdim etdiyi sənəddə göstərilib ki, Zərrabın şərti azadlıq üçün təklif etdiyi pul onun təkcə 2013-cü il ərzində verdiyi rüşvətin ümumi məbləğinin cəmi üçdə bir hissəsini təşkil edir.
Həmçinin qeyd olunub ki, həbs olunan iş adamının azadlığa çıxmaq üçün təklif etdiyi pul, onun verdiyi rüşvətlə müqayisədə bir neçə dəfə azdır.
Rza Zərrabın xaricə qaçmaq üçün bütün maddi imkanlara sahib olduğu da sənədlərdə vurğulanıb. Qeyd olunub ki, R. Zərrabın Amerikadan qaçmaq üçün şəxsi təyyarəsi, gəmiləri var.
Sənəddə R. Zərrabın məhkəmə heyətinə təqdim etdiyi Türkiyə, İran və Makedoniyaya məxsus şəxsiyyət vərəqələri diqqət çəkib.
Bildirilib ki, Makedoniya və İranla ABŞ arasında müvafiq sənədlər olmadığına görə R. Zərrab sözü gedən öllkələrə qaçarsa, onun geri verilməsi mümkünsüz olacaq.
R. Zərrabın Türkiyəyə qaçdığı təqdirdə isə ölkənin nüfuzlu şəxsləri tərəfindən himayə olunacağı bildirilir.
Həmçinin sənəddə Zərrabın yalan söylədiyi, əslində yaxın keçmişdə Səudiyyə Ərəbistanı, Livan və Rusiyaya səfər etdiyinə dar faktlar məhkəmə hakimlərinə təqdim olunub.
R. Zərrabın şərti azadlığa buraxılması ilə bağlı vəkil 10 milyon dollar nəğd olmaqla məhkəməyə ümumilikdə 50 milyon dollar pul təklif edib.
Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.
Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.