Xokkeyçi Rusiya casusu çıxdı – Polşa Daxili Təhlükəsizlik Agentliyi açıqlama yaydı
1-07-2023, 00:08

Polşa Daxili Təhlükəsizlik Agentliyi yerli komandada çıxış edən Rusiyadan olan xokkeyçinin casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, adı açıqlanmayan idmançı Rusiya xarici kəşfiyyatının maraqları üçün kritik infrastrukturlar haqqında məlumat toplayıb.
Polşanın mətbuat agentliyi xəbər verir ki, şübhəli iyunun 11-də ölkənin cənubundakı Sileziya Voyevodalığında saxlanılıb və iki gün sonra Lyublin məhkəməsi tərəfindən həbs edilib, lakin bu, yalnız iyunun 30-da məlum olub. Xokkeyçinin adı açıqlanmır. Polşa mətbuatı onu, həqiqətən də Polşa klublarından birinin oyunçuları arasında bu adda olan rusiyalı Maksim S. kimi qeyd edir.
Həbs edilən idmançı Rusiyanın xeyrinə casusluqda təqsirləndirilən, eyni iş üzrə saxlanılan on dördüncüdür adamdır. Onu 10 ilə qədər həbs gözləyir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, rusiyalı diplomatlar Rusiyadan olan xokkeyçinin Polşada saxlanması ilə bağlı vəziyyəti aydınlaşdırmağa çalışacaqlar, Kremldə olayla bağlı hələlik təfərrüatlar yoxdur. O, həmçinin “Rusiya diplomatlarının Polşadakı işinin mürəkkəbliyindən” təəssüfləndiyini bildirib. “Çünki, Polşa hakimiyyətinin quduz rusofob mövqeyi var”, - o vurğulayıb.
Müstəntiqlərin fikrincə, bir qrup rus agenti dəmir yolu ilə yüklərin daşınmasına nəzarət edib, təxribat hazırlayıb və NATO və Polşa hökumətinin siyasətinə qarşı təbliğat aparıb.
Rusiya Federasiyasının Varşavadakı səfirliyi Polşa Xarici İşlər Nazirliyinə Rusiya vətəndaşının saxlanılması və ona qarşı irəli sürülən ittihamlar barədə məlumatın təsdiqlənməsi xahişi ilə nota göndərib.
“Səfirlik Polşa Xarici İşlər Nazirliyinə Rusiya vətəndaşının saxlanılması ilə bağlı KİV-də yayılan məlumatın təsdiqlənməsi və ona qarşı irəli sürülən ittihamların bildirilməsi xahişi ilə nota göndərib”, - deyə diplomatik nümayəndə bildirib.
"İndiyədək Polşanın səlahiyyətli orqanlarından Rusiyanın Polşadakı səfirliyində və konsulluq müəssisələrində bu hesabla bağlı heç bir rəsmi məlumat daxil olmayıb. Biz məsələni nəzarətdə saxlayırıq", - Rusiya Federasiyasının səfirliyi əlavə edib.