Mərakeş zəlzələsi: Fəlakətdən 3 saat əvvəl doğulan adsız körpə çadırda yaşamağa başlayıb
12-09-2023, 12:04

Mərakeşdə cümə günü baş vermiş zəlzələ 2000-dən çox insanın həyatına son qoyub. Xilasedicilər 48 saat sonra sağ qalanları tapmaq üçün yalın əllərlə işinə davam edir.
Baş verən zəlzələnin 6.8 bal gücündə olduğu bildirilib.
ABŞ Geoloji Sorğu mərkəzinin məlumatına görə, zəlzələnin episentri Mərakeş şəhərinin cənub qərbində, 71 kilometr aralıda yerləşən Atlas dağlarında, 18.5 kilometr dərinlikdə olub.
Mərakeşin üçdə birini vuran zəlzələnin təsiri onun şərq qonşusu Əlcəzairdə də hiss edilib.
Mərakeşdəki ölümcül zəlzələdən bir sz əvvəl ana olan Xədicənin körpəsinin hələ heç adı da yoxdur, amma onun ilk evi yolun kənarındakı çadırdır.
Ana və qızı xəsarət almasalar da, Mərakəşdə onların olduğu xəstəxana evakuasiya edilib. Doğuşdan cəmi üç saat keçmiş-təcili yoxlamadan sonra onlardan xəstəxananı tərk etmək tələb olunub.
“Bizə dedilər ki, afterşoklara (əsas təkandan sonra baş verən daha kiçik təkrar seysmik təkanlar) görə biz mütləq xəstəxanadan çıxmalıyıq”.
Şənbə günü Xədicə və əri yeni doğulan uşaqları ilə birlikdə Mərakeşdən təxminən 65 km aralıda, Taddartdakı evlərinə getməyə cəhd edib.
Lakin yollar sürüşməyə görə bağlı olduğu üçün onlar yalnız Asnı kəndinə kimi gedə biliblər. Həmin vaxtdan da ailə əsas yolun kənarındakı çadırda yaşayır.
"Mən səlahiyyətlilərdən heç bir kömək almamışam", - kisələrdən düzəlmiş çadırın altında körpəsi ilə birgə günəşdən gizlənməyə çalışan ana BBC-yə bildirir.
“Biz bu kənddəki bəzi insanlardan üstümüzü örtmək üçün yorğan istəmişik”.
Hələlik ailə, sadəcə, çadır qura bilib. Xədicə deyir ki, onun körpəsinin cəmi bir dəst geyimi var.
“Bizim təkcə Allahımız var”, - o əlavə edir.
Dostlarından aldıqları xəbərə görə, onların evi ciddi şəkildə zədələnib və ailə qalmağa nə vaxtyer tapacağını bilmir.
Artan qəzəb
Xədicənin çadırından bir qədər aralıda, Mərakeşin cənubundakı dağlıq ərazilərdəki şəhər və kəndlərə çatan kiçik yardımlara görə, əhali arasında məyusluğun artdığı hiss olunur.
Asni Mərakeşdən cəmi 50 km aralıdadır, lakin insanlar təcili yardıma ehtiyacları olduğunu deyir.
Qəzəbli insanlar yerli müxbiri mühasirəyə alaraq, məyusluqlarını ona yönəldir.
İzdihamın içindəkilərdən adını vermək istəməyən biri "yeməyimiz, çörəyimiz və tərəvəzimiz yoxdur. Heç nəyimiz yoxdur" deyir.
"Heç kim gəlib bizimlə maraqlanmır. Bizim təkcə Allahıız və padşahımız var", - o əlavə edir.
Zərərçəkən bildirir ki, o, zəlzələdən bəri dörd uşağı ilə birgə kəndin əsas yolunun kənarında yaşayır.

Onun evi tam dağılmayıb, amma bütün divarları çatlayıb və ailə orada qalmağa qorxur.
İnsanlar yük maşınının onlar üçün zəruri vəsaitlər gətirdiyinə ümid edərək onu dayandırmağa çalışır. Ancaq yardımın yenicə bitdiyi məlum olur və insanlar öz vəziyyətini ələ salmağa başlayır.
"Hökumətin bizə kömək edəcəyini düşünürük, amma ərazidə 120 kənd var", zəlzələdən zərərçəkmişlərdən biri bildirir.
Bölgədə çox sayda insanın köməyə ehtiyacı olduğu üçün, görünür, bir çox insan yardım üçün uzun müddət gözləməli olacaq.

Mərakeşdə zəlzələdən qorxuya düşən insanlar gecəni küçələrdə keçirməyə məcbur olublar.
Mərakeşin Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı məlumata görə, cümə günü axşam saatlarında baş verən zəlzələ nəticəsində mindən çox insan ölüb, yüzlərlə yaralı var.
Rəsmilər ölü və yaralı sayının artacağını istisna etmirlər.
Təbii fəlakət daha çox Atlas dağlarında yerləşən kəndləri vurduğundan hazırda ora çatmaqda böyük çətinliklərlə üzləşildiyi deyilir. Rəsmilərin sözlərinə görə köhnə tikililərdən ibarət olan həmin kəndlərə çatmaq xeyli vaxt aparacaq.
Zəlzələ nəticəsində ölkənin dördüncü ən böyük şəhəri olan Mərakeş şəhərinə və digər yaşayış məntəqələrinə ciddi ziyan dəyib və insanlar gecəni küçələrdə keçirməyə məcbur olublar.
Azərbaycan zəlzələdə insanların həyatını itirməsinə görə Mərakeşə başsağlığı verib.