Yaponiya və ABŞ Rusiya sərhədləri yaxınlığında dəniz fəaliyyətini genişləndirib
25-07-2024, 18:44
Nazir müavini hesab edir ki, Yaponiyanın bu siyasəti həm də beynəlxalq öhdəliklərinə ziddir.
Yaponiya sürətlə silahlanır. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.
O, iddia edir ki, Tokio və Vaşinqton Rusiya sərhədləri yaxınlığında dəniz fəaliyyətini genişləndirib.
O qeyd edib ki, Yaponiya hakimiyyəti sürətlənmiş yenidən silahlandırılmasına doğru kurs götürüb.
"Yaponiya təkcə hərbi potensialını artırmır, həm də ABŞ ilə birlikdə Uzaq Şərqdə sərhədlərimiz yaxınlığında hərbi dəniz fəaliyyətini genişləndirir, NATO üzv ölkələri arasından regiondankənar dövlətləri cəlb edir", Rudenko bildirib.
O, Yaponiyanın ABŞ-ın təşəbbüslərinin, o cümlədən Asiya-Sakit Okean regionunda Rusiya Federasiyası və Çini cilovlamaq məqsədi daşıyan assosiasiyaların yaradılması ideyasında əsas dirijor olduğunu iddia edib. Nazir müavini hesab edir ki, Yaponiyanın bu siyasəti həm də beynəlxalq öhdəliklərinə ziddir.
Yaponiya hökuməti Çin, Rusiya və Şimali Koreyanı regional təhlükəsizliyə əsas təhdidlər hesab edir. Tokio Moskvanın Pekin və Pxenyanla artan hərbi əlaqələrindən narahatdır və həmçinin etiraf edir ki, sanksiyalara baxmayaraq, Rusiya Ukraynada uzun müddət döyüşmək iqtidarındadır. Buna cavab olaraq, Yaponiya hakimiyyəti öz müdafiə imkanlarını artırmaq və müttəfiqləri, o cümlədən NATO ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.