Almaniyada terroru maliyyələşdirməkdə şübhəli bilinən iki Rusiya vətəndaşı saxlanılıb
26-07-2024, 15:34
Almaniya Baş Prokurorluğu İŞİD terror təşkilatının üzvlərini maliyyələşdirməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını açıqlayıb.
Baş Prokurorluqdan verilən məlumata görə Berlin, Hamburq, Saksoniya və Şlezviq-Holşteyn federal əyalətlərində 7 yerdə axtarışlar aparılıb.
Məlumatda Rusiya vətəndaşları Abdulraşit D. və Zurho T.-nın Federal İstintaq Hakiminin verdiyi həbs qərarı əsasında Lauenburq Hersoqluğu ərazisində və Hamburqda saxlandıqları bildirilir.
Saxlanılan Rusiya vətəndaşları xaricdə terror təşkilatına dəstək verməkdə, xarici iqtisadi fəaliyyət haqqında qanunu pozmaqda və kriminal qruplaşmaya üzv olmaqda ittiham olunurlar.
Baş Prokurorluq iddia edir ki, adıçəkilən şəxslər 2022-ci ilin yayın əvvəlində İŞİD-ə qoşulublar. Məqsəd isə Almaniyada və digər Avropa ölkələrində vəsait toplamaq və onları İŞİD terror qruplaşmasına təqdim etmək olub.