Britaniyanın BBC korporasiyası illik hesabatını açıqlayıb
26-07-2024, 13:04
Britaniyanın BBC korporasiyası illik hesabatını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hesabata əsasən korporasiya bir il ərzində abunə haqqını ödəmiş yarım milyon abunəçisini itirib.
Məlumata görə, lisenziyasını ləğv edənlər “Netflix” və yutuba üstünlük verənlərdir. Aktiv lisenziyaların sayı 2022-23-cü illərlə müqayisədə 24,4 milyondan 23,9 milyona düşüb.
Hesabata görə, keçən il BBC-nin lisenziyahaqqı gəliri 80 milyon funt sterlinq az olub, bu, satış həcmlərinin iki faiz azalması və lisenziyahaqqının dəyişməz qiymətləri ilə əlaqələndirilir.
Aparılan sorğulara əsasən, gənclər korporasiya tərəfindən yayımlanan məzmunların onlar üçün maraqsız olduğunu bildiriblər. Bu isə öz növbəsində BBC-nin maliyyə göstəricilərinə birbaşa təsir edib.
BBC-nin rəhbəri Samir Şah bildirib ki, BBC-nin gəliri son 10 ildə 30% azalıb.
“Gələcəkdə universal ictimai yayımın tam faydalarını təmin etmək üçün BBC-ni uzun müddət ərzində ən yaxşı şəkildə necə maliyyələşdirəcəyimizi də düşünməliyik. Növbəti iki il ərzində biz əldə etdiyimiz məbləği tamaşaçılar üçün prioritet sahələrə xərcləməyə çalışacağıq”, – BBC bildirib.
Onu da qeyd edək ki, korporasiyanın məşhur simalarının aldığı yüksək maaşlar da bu infoqrafikaya mənfi təsir edib. Belə ki, 1.35 milyondan-300 min funt strelinqədək dəyişən yüksək məvaciblər böhran yaşayan media qurumunun vəziyyətini bir az da kritikləşdirib.