İctimai fəal İlhamiz Quliyevin məhkəməsi şahid ifadələri ilə davam etdirilib

26-07-2024, 17:54           
İctimai fəal İlhamiz Quliyevin məhkəməsi şahid ifadələri ilə davam etdirilib
İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən ictimai fəal İlhamiz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Zibeydə Sadıqova Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatət qaldırıb.

Vəkil bildirib ki, İlhamiz Quliyev hətta ventilyator belə olmayan isti kamerada saxlanılır ki, bu da işgəncə kimi qiymətləndirilir.

Lakin vəsatət təmin edilməyib.

Bundan başqa, vəkil deyib ki, ibtidai istintaq artıq yekunlaşdığından Quliyevin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.

Daha sonra prosesdə şahid, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşı Polad Mustafayev dindirilib. Onun sözlərinə görə, Quliyev 2023-cü il dekabrın 4-də narkotik vasitələrin saxlanması və satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb. Şöbədə şəxsi axtarış zamanı Quliyevin üzərindən bükümdə narkotik vasitə aşkar edilib.

Şahid daha sonra bildirib ki, Quliyev narkotik vasitələrin ona məxsus olmadığını, xəlvəti qoyulduğunu deyib.

Quliyevin polisdə fiziki təzyiqə məruz qalması ilə bağlı iddialarına cavab olaraq Mustafayev bildirib ki, həbs zamanı fəal yumruqları ilə özünün sinə və başına döyməyə başlayıb.

Buna İlhamiz Quliyev cavab olaraq deyib ki, Mustafayev onun həbsi zamanı ümumiyyətlə olmayıb və o, yalnız şəxsi axtarış zamanı şöbədə olub.

Xatırladaq ki, Quliyev 2023-cü il dekabrın 4-də saxlanılıb, 6-da isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.

Lakin hüquq müdafiəçiləri Quliyevin həbsinin əsl səbəbi kimi onun “Abzas Media” nəşrinə müsahibəsində polisin qanunsuz əməllərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışdığını göstərirlər.

Öz növbəsində, Daxili İşlər Nazirliyi ittiham edilən şəxslərin belə iddialarının özünü müdafiə xarakteri daşıdığını bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.