Xarici banklar Rusiyada filiallar aça biləcəklər
2-09-2024, 07:34
Bu gündən Rusiyada xarici banklara filial açmağa icazə verən, həmçinin onların fəaliyyətinə bəzi məhdudiyyətləri nəzərdə tutan qanun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.
İqtisadiyyat.az xəbər verir ki, bundan əvvəl Rusiya Federasiyasında xarici kredit təşkilatlarının yalnız törəmə bankları və nümayəndəlikləri ola bilərdi.
Yeni qanunvericilik normalarına əsasən, xarici bankın filialı hüquqi şəxslərin bank hesablarını aça və apara, hüquqi şəxslərin, o cümlədən müxbir bankların adından pul köçürmələrini həyata keçirə, pul vəsaitlərinin, veksellərin inkassasiyası, ödəniş və hüquqi şəxslər üçün hesablaşma sənədləri və kassa xidmətləri ilə məşğul ola bilərlər. Qanun həmçinin zəmanətlər verə, icarə üçün xüsusi binalar, sənədlərin və qiymətlilərin saxlanması üçün seyflər verə, lizinq əməliyyatları apara, məsləhət və məlumat xidmətləri göstərməyə icazə verəcək.
Qanunun məqsədi beynəlxalq ödənişlər sisteminin inkişafına və xarici investisiyaların cəlb edilməsinə şərait yaratmaqdır. Xarici bankların filiallarının işi məhz buna yönələcək, ona görə də onlar adi banklar kimi, məsələn, əhali üçün əmanətlər aça bilməyəcəklər.
Rusiya Mərkəzi Bankı xarici bankların filiallarının fəaliyyətinə nəzarət edəcək.