İran prezidenti 100 milyard dollarlıq xarici investisiyaya ehtiyac olduğunu deyib
2-09-2024, 10:04
İran prezidenti şənbə günü deyib ki, ölkəsinin illik 8 faizlik iqtisadi artım hədəfinə nail olmaq üçün 100 milyard dollara yaxın xarici investisiyaya ehtiyacı var.
İyulda seçilən Məsud Pezeşkian bunu dövlət televiziyasına canlı efirə verdiyi ilk müsahibəsində deyib. Pezeşkian bildirib ki, İranın məqsədinə çatmaq üçün 250 milyard dollara ehtiyacı var, lakin bunun yarısından çoxu daxili resurslardan əldə edilir.
Ekspertlər bildirirlər ki, ÜDM-in 8%-lik artımı ikirəqəmli inflyasiya və işsizlik səviyyəsini azaldacaq. İranda mərkəzi bank və hökumət rəsmilərindən tutmuş dron istehsalçılarına və pul dəyişdiricilərinə qədər yüzlərlə qurum və insan beynəlxalq sanksiyalar altındadı. Onların bir çoxu İran İnqilab Keşikçiləri Korpusuna və HƏMAS, Hizbullah və husilər kimi xarici silahlı qruplara maddi dəstək verməkdə ittiham olunur.
Müsahibədə Pezeşkian sanksiyalardan şikayətlənib və administrasiyasının “qonşular və dünya ilə problemlərimizi həll etməklə” 40%-dən çox olan illik inflyasiyanı azaltmağı planlaşdırdığını deyib. O, ətraflı məlumat verməyib.
Pezeşkian təsdiqləyib ki, xaricə ilk səfəri qonşu İraqa olacaq, sonra isə BMT Baş Assambleyasının 22-23 sentyabr tarixlərində keçiriləcək iclasında iştirak etmək üçün Nyu-Yorka uçacaq. O, Nyu-Yorkda olarkən iranlı mühacirlərlə görüşərək onları İrana sərmayə qoymağa dəvət edəcəyini deyib.
İranın 8 milyondan çox mühacirinin 1,5 milyonu ABŞ-da yaşayır.
İslahatçı kimi qiymətləndirilən Pezeşkian keçən ay and içib və parlament avqustun əvvəlində onun kabinetini təsdiqləyərək həm ölkə daxilində, həm də xaricdə daha yumşaq ton vəd edib.
İran iqtisadiyyatı 2018-ci ildən ovaxtkı prezident Donald Trampın Tehranın nüvə proqramını məhdudlaşdırmaq üçün ABŞ-ı sazişdən çıxarmasından və əlavə sanksiyalar tətbiq etməsindən sonra çöküb.
Pezeşkian prezidentlik kampaniyası zamanı nüvə sazişini canlandırmağa çalışacağını bildirib.